Tural İsmayılov: "Armen Qriqoryanın ABŞ-yə səfəri təsadüfi deyil"

3 İyul 2023 14:03 (UTC+04:00)

“ABŞ Azərbaycanla Ermənistan arasında yekun sülhün əldə edilməsi üçün kifayət qədər səmimi və dürüst mövqe ortaya qoyur”.

Bunu AzNews.az-a Ermənistan Təhlükəsizlik Şurasının katibi ABŞ-yə edəcəyi səfər barədə danışarkən politoloq Tural İsmayılov deyib.

"30 il ərzində ABŞ bizi qane etməyən mövqe nümayiş etdirirsə də artıq biz görürük ki, 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Cənubi Qafqaz bölgəsində Rusiyanın siyasi hegemoniyasının konfliktlər nəticəsində gücləndiyinin fərqində olan ABŞ yekun sülhün əldə olunmasına çalışır. Bunun nəticəsində də artıq son illər xüsusilə bu son altı ay ərzində ABŞ yekun sülh sazişinin imzalanması üçün ortaya qoyur. ABŞ dövlət katibi Entoni Blinken və eyni zamanda ABŞ-nin rəhbərliyi, dövlət departamenti tez-tez Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil edir”, - deyə o əlavə edib.

T.İsmayılov bildirib ki, belə bir məqamda Ermənistan Təhlükəsizlik Şurasının katibinin ABŞ-yə səfəri təsadüfi deyil:

“Bu səfər çərçivəsində Ermənistanın mövqeyi ilə bağlı narazı qaldığı məqamlar ABŞ-nin diqqətinə çatdırılacaq. Eyni zamanda bu gün Rusiya şirkətlərinin sanksiyalardan yayınmasına kömək etmək məsələsi də müzakirə ediləcək. O baxımdan Ermənistan Təhlükəsizlik Şurasının katibinin ABŞ səfərində Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı mühüm müzakirələrin aparılacağını düşünürəm”.

Rəşid Qarayev