Qoşulmama Hərəkatının güclənməsində Bakının rolu həmişə xatırlanacaq - Millət vəkili

3 İyul 2023 15:23 (UTC+04:00)

Bakıda iyulun 5-6-da Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlərinin iclası keçiriləcək.

“Qoşulmama Hərəkatı hazırda cənab İlham Əliyevin rəhbərliyi altında dünyada özünün ən yüksək səviyyəli dövrlərini yaşayır”.

Bu sözləri mövzu ilə bağlı saytımıza danışan millət vəkili Vüqar İskəndərov bildirib.

O qeyd edib ki, hərəkat yarandığı zamandan biraz aktiv görünsə də Azərbaycanın bu hərəkata rəhbərlik etməsinə qədər bir növ kölgədə qalmışdı və özündə 120 ölkəni birləşdirməsinə baxmayaraq dünyada baş verən hadisələrdən, qlobal çağırışlardan kənarda görünürdü:

“Bakının hərəkata rəhbərlik etməsi, cənab Prezidentin sədrliyi ilə bu hərəkata yeni nəfəs gəldi. Bu illər ərzində Qoşulmama Hərəkatı sözün əsl mənasında vacib, beynəlxalq amilə çevrildi. Əbəs yerə deyil ki, hərəkatın bütün üzvlərinin xahişi ilə Azərbaycanın sədrliyi bir il daha uzadıldı. Bu onu deməyə əsas verir ki, bu platforma və onun üzvləri Azərbaycan Prezidentinin liderliyini özünün yüksək dövrü kimi hesab edir. Hərəkatda yeni hərəkətlənmə, yeni qlobal çağırışlara adekvat olmaq, vacib məsələlərdə öz aktivliyini göstərmək və lazım olduqda öz qətiyyətli sözünü deməyi görmüş oldu”.

V.İskəndərovun sözlərinə görə, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq arenada nüfuzlu lider olaraq həm hərəkatın üzvlərinin mənafeyini, həm ölkəmizin mənafeyini ən yüksək səviyyədə müdafiə edən lider kimi çıxış edib:

“Biz 44 günlük Vətən müharibəsində Qoşulmama Hərəkatının üzvlərinin ölkəmizin haqlı mövqeyini dəstəklədiyini və onların beynəlxalq hüququn yanında olduğunu gördük. Bütün bunlar həm də Azərbaycanın xarici siyasətinin bu sahədə də necə uğurla aparıldığını özündə ehtiva edir”.

Millət vəkili sonda deyib ki, ilk dəfə olaraq Qoşulmama Hərəkatının parlament şəbəkəsinin, gənclər şəbəkəsinin yaradılması Azərbaycanın ideyası oldu:

“Cənab Prezidentin bu ideyaları Qoşulmama Hərəkatının üzvləri tərəfindən yekdil şəkildə dəstəkləndi. Düşünürük ki, gələcək zamanlarda Azərbaycanın sədrlik müddəti bitəndən sonra da bu hərəkat güclənəcək. Bu güclənmənin, inkişafın əsas təməlinin Cənab Prezident tərəfindən qoyulması və Bakının bu sahədə önəmli rolu həmişə xatırlanacaq”.

Rəşid Qarayev