“Rusiyanın nüvə silahını tətbiq edəcəyinə dair hansısa əlamət yoxdur”.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Litva Prezidenti Gitanas Nauseda ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, Rusiyanın Belarusa nüvə silahı yerləşdirməsi məsuliyyətsiz davranışdır.
“Rusiya rəsmiləri, o cümlədən Prezident Vladimir Putin dəfələrlə bildirib ki, biz öz təhlükəsizliyimiz naminə lazım gələrsə, Nüvə silahından istifadə edəcəyik. Stoltenberqin dediklərinin obyektiv yanaşma olduğunu hesab etmirəm. Belarusda nüvə silahının yerləşdirilməsi, rəsmi Moskvanın verdiyi bəyanatlar nüvə silahının tətbiqi ilə bağlı bir göstərici ola bilər”.
Bunu mövzu ilə bağlı saytımıza açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
O həmçinin bildirib ki, Stoltenberqin bu cür bəyanat verməsi təsadüfi deyil.
“Çünki Kremlin nüvə silahının tətbiqi ilə bağlı bəyanatları daha çox çəkindiricilik məqsədi daşıyır. Rusiya da nüvə savaşının başlanmasını istəmir. Çünki bu olarsa qarşılığında Rusiya da adekvat cavab alacaq. Amma Rusiyanın tamamilə əlindəki kartların tükəndiyini biləndə nüvə silahını istifadə etməsi qaçılmazdır”.
K.Novruzovun fikrincə, Stoltenberqin bu açıqlamanı verməkdə məqsədi Ukraynanı və onun müttəfiqlərini manipulyasiya etməkdir.
“Putinin onları qorxutmasına imkan vermir. NATO-nun nüvə müharibəsinin başlanmasından qorxduğunu hesab etmirəm. Artıq bir neçə dəfədir ki, Rusiya prezidenti Vladimir Putin nüvə silahının tətbiqi ilə bağlı bir neçə dəfə xəbərdarlıq edib. Əgər NATO nüvə müharibəsinin başlanmasını istəməsəydi, Rusiyanı bu qədər qıcıqlandırmazdı. Görünən odur ki, NATO özü də nüvə savaşının başlanmasına maraqlıdır. Bu maraq da ondan ibarətdir ki, Rusiya nüvə silahını tətbiq etsin. Qarşı tərəf də buna adekvat cavab versin. Yaxud da Rusiya hüquqi formada hərbi cinayətkarlıqda ittiham olsun”.
Ayan Rzayeva