Prezident Azərbaycanın mövqeyinin bir daha QH üzvlərinin nəzərinə çatdırdı - Millət vəkili

5 İyul 2023 16:13 (UTC+04:00)

Bakıda Qoşulmama Hərəkatının nazirlər bürosunun iclası keçirilib. Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olur, Ermənistan regionda sülhdə maraqlıdırsa, onun silahlı qüvvələri Qarabağdan tamamilə çıxmalıdır.

“Ermənistan həqiqətən də konstruktiv yanaşma istəyirsə, yalnız bir mövqeyi olmalıdır”.

Bu sözləri mövzu ilə bağlı saytımıza danışan Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

O bildirib ki, münaqişə sona çatdıqdan sonra cənab prezidentin timsalında Azərbaycanın mövqeyi tam aydın şəkildə ortaya qoyulub.

“Azərbaycanın ərazi bütövlüyü tanınmalıdır. Qarabağ probleminin bitdiyi, Azərbaycanın regionda ən aparıcı ölkə olması reallığı aydınlığı ilə göstərilmişdir. Bunu hər kəs, o cümlədən də Ermənistan etiraf etməlidir. Son zamanlar etirafın elementlərini müşahidə edirik amma, təəssüf ki, həm Zəngəzur dəhlizinin açılması istiqamətində olan maneələr, həm də Qarabağda erməni silahlı qanunsuz silahlı dəstələrinin qalması bu prosesin irəliləməsinə mane olur. Azərbaycan bu istiqamətdə mövqeyini bildirib. Cənab prezidentin bəyanatı da bu mövqeyin bir daha həm Qoşulmama Hərəkatına üzv olan ölkələrin nəzərinə çatdırılması, həmçinin müvafiq güc mərkəzləri, o cümlədən Ermənistana bu prosesin hansı istiqamətdə cərəyan edəcəyinin bir bəyanıdır”.

M.Məmmədli qeyd edib ki, Ermənistan özləri bəyan etdiyi kimi ərazilərinin toxunulmazlığını qorumaq onların prioritet istiqaməti olmuşdur:

“Azərbaycan da üçtərəfli bəyanatda olan müddəaların yerinə yetirilməsini tələb edir. Beynəlxalq hüququn Azərbaycan tərəfindən qəbul edilmiş reallığını digər ölkələrin o cümlədən də Ermənistanın qəbul etməkdən başqa çıxış yolu yoxdur”.

Rəşid Qarayev