Bakıda Qoşulmama Hərəkatının nazirlər bürosunun iclasında Prezident İlham Əliyev bildirib ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olur, Ermənistan regionda sülhdə maraqlıdırsa, onun silahlı qüvvələri Qarabağdan tamamilə çıxmalıdır.
"Ermənistan kapitulyasiya aktına qol çəksə də ona əməl etmir, yəni Ermənistan rəhbərliyi öz imzasına hörmət etmir. Təbii ki, bu gözlənilən hal idi, çünki erməni rəhbərliyi tarix boyu öz imzasına, verdiyi sözlərə əməl etməyib".
Bunu mövzu ilə bağlı saytımıza danışan millət vəkili Müşfiq Cəfərov bildirib.
O qeyd edib ki, Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatında öz əksini tapıb:
"Həmçinin, 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatda da Zəngəzur dəhlizinin açılması təsbit edilib. 10 noyabr bəyanatı Azərbaycanın qərb rayonları və Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılmasının təmin edilməsi Ermənistanın öhdəliyi kimi nəzərdə tutulub. Onlar unutmasın ki, karşılarında illərlə güzəştə getməyə məcbur olan Azərbaycan yoxdur. İndi Ermənistan və onun mütəffiqlərinin də gözləmədiyi qədər güclü dövlətimiz var. Təbii ki, Zəngəzur dəhlizi təkcə Azərbaycanın deyil, bütöv regionun rifahıdır. Regionda uzun illərdir inkişafı ləngidən yeganə amil məhz erməni xislətidir".
Millət vəkilinin sözlərinə görə, Zəngəzur dəhlizi regionun ehtiyacı olan reallıqdır:
"Azərbaycan bununla bağlı öhdəsinə düşən bütün işləri görüb. Düşünürəm ki, qısa zamanda Zəngəzur dəhlizinin açılması ilə bağlı razılıq əldə ediləcək. Zəngəzur dəhlizi ilə bağlı məsələ tam 3 bəyannamədə öz əksini tapıb. İmzalanmış bu sənədlərin şərtləri mütləq yerinə yetiriləcək və Ermənistan da buna mane ola bilməyəcək".
Rəşid Qarayev