Fransa və Rusiya fərqli şəkillərdə sülh prosesini sabotaj edir - Politoloq

6 İyul 2023 19:44 (UTC+04:00)

Rusiya XİN sözçüsü Mariya Zaxarova keçirdiyi brifindqdə deyib ki, Fransa Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında vasitəçi rolunu gözdən salıb.

"Fransa bölgədən Rusiyanın çıxacağını, Ukrayna müharibəsinin Rusiyanı zəiflədəcəyini düşünür. Fransanın fikrincə Rusiya Qafqazdan, Balkanlardan və Qara dəniz hövzəsindən çıxacaq. Onun yerini doldurmağa çalışır".

Bunu mövzu ilə bağlı saytımıza danışan politoloq Turab Rzayev deyib.

O bildirib ki, Rusiyanın zəifləməsini fürsət bilən ölkələr hansısa şəkildə onun daha əvvəllər nəzarət etdiyi geopolitik məkana daxil olmaq istəyir:

“Bununla bağlı mən müsahibələr də vermişəm, fərqli araşdırmalarımda da qeyd etmişəm. Fransa Rusiya ilə təkcə Qafqazda yox, eyni zamanda Yaxın Şərqdə və Şimali Afrikada da rəqabət aparır. Xatırlayırsınızsa, Fransa Azərbaycana sanksiya tətbiq etmək istəyəndə şərt qoymuşdu ki, əgər Azərbaycan Xankəndidə Fransa nümayəndəliyinin açılmasına və Ermənistan-Azərbaycan sərhədində Fransa ordusunun hərbi baza yerləşdirməsinə etiraz eləməsə, o zaman Fransa Azərbaycana sanksiya tətbiq etməyəcək. Fransa bu dərəcədə öz imperiyalist maraqlarını ortaya qoyur. Eyni zamanda dəfələrlə təklif edib ki, Ermənistanda hərbi bazanı Rusiya ilə birlikdə işlətsin. Aydın məsələdir ki, Rusiya buna razı deyil".

Politoloqun sözlərinə görə, Rusiya öz nüfuzunun tamamilə Qafqazda itirmək və onu hansısa xarici qüvvə ilə bölüşdürmək istəmir. Buna görə də vaxtaşırı bu cür toqquşmalar baş verir:

“Avropa missiyasının yaradılması və formalaşması da Fransanın ideyası idi. Fransa ilk öncə mülki missiya ilə başladı, daha sonra 70 jandarm ilə oraya daxil oldu. Fransa jandarm heyəti Fransa ordusunun fərkib hissəsidir. Artıq faktiki olaraq Fransa ordusu Ermənistan ərazisindədir. Rusiya da aydın məsələdir ki, buna qarşı müqavimət göstərir və öz nüfuz dairəsini qorumağa çalışır”.

T.Rzayev qeyd edib ki, Rusiyanın buradakı etirazı Fransanın imperialist, işğalçı siyasətinə qarşı deyil, daha çox onun mövqelərini zəiflədib öz mövqelərini möhkəmləndirməsinə qarşıdır:

“Otuz il ərzində ATƏT-in Minsk qrupu dövründə də biz real sülh prosesinin şahidi olmadıq. Minsk qrupu real sülhə töhfə vermədi. Ukrayna müharibəsindən sonra ABŞ-nin sırf Rusiya ilə eyni masada olmaq istəməməsindən sonra Fransa da oranı tərk etdi. Əslində Rusiya indi Fransanı buna görə də günahlandırır. Fransanın birbaşa Qafqaza müdaxilə etmək, Azərbaycanla Ermənistan arasında vasitəçiliyi üzərinə götürmək, Qafqazda möhkəmlənmək cəhdinə görə qıcıqlanır. Ancaq əslində Rusiyanın da otuz il ərzində ATƏT-in Minsk qrupu vasitəsilə bölgəyə müsbət bir töhfəsi olmayıb. İndi də Rusiyanın vasitəçiliyindən müsbət nəticə ümidimiz yoxdur.

Politoloq sonda deyib ki, əslində Brüssel prosesi sülhə daha çox yaxınlaşmağa imkan verir, daha real nəticələr ortaya qoyur. Ancaq orada da Fransa və Rusiya fərqli şəkillərdə bu prosesi sabotaj edir:

“Rusiya Avropa İttifaqının vasitəçilik cəhdini ümumiyyətlə qəbul etmir, bunu sabotaj adlandırır. Fransa da Avropa İttifaqının vasitəçilik formatını dəyişdirməyə çalışır. Daha əvvəl Praqada özü müdaxil olmağa çalışdı, Avropa mülki missiyasını daha sonra hərbi missiyasını göndərməyə çalışdı. Ən son yenə Brüssel formatına paralel olaraq beşli formatın Kişneu formatının qəbul edilməsinə çalışdı. Yəni Fransa da əslində Rusiya kimi sülh prosesinə töhfədən daha çox zərər verməklə məşğuldur”.

Rəşid Qarayev