Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə Milli Məclisin iclasına tövsiyə olunub.
“Avropa İttifaqının 9 dövləti ilə bizim strateji tərəfdaşlıq münasibətlərimiz var. Slovakiyada da səfirliyimizin açılması Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrin daha genişləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli formatda bu prosesin daha da möhkəmləndirilməsi mənafeyinə xidmət göstərir”.
Bunu mövzu ilə bağlı saytımıza danışan millət vəkili Elman Nəsirov deyib.
O bildirib ki, Azərbaycan Respublikasının büdcəsindəki müsbətləşmə nəticəsində bir çox sahələr üzrə əlavə vəsaitlərin ayrılması nəzərdə tutulub:
“İlk növbədə hərbi müdafiə sahəsi, Qarabağın, Şərqi Zəngəzurun bərpası və yenidən qurulması proseslərinə vəsaitlər ayrılıb. Eyni zamanda Azərbaycanın beynəlxalq əlaqələri, beynəlxalq əməkdaşlığının daha da genişləndirilməsi məqsədilə də əlavə vəsait ayrılıb. Məhz elə bütün bunlar nəticə etibarilə ayrı-ayrı ölkələrdə Azərbaycanın diplomatik fəaliyyətinin daha da təkmilləşdirilməsi, möhkəmləndirilməsi mənafeyinə xidmət göstərir. Eyni zamanda bu məntiqdən çıxış edərək yeni səfirliklərin açılması məsələsi aktuallaşır. Məsələyə bu xüsusda yanaşdıqda Azərbaycanın Slovakiyada səfirlik açması məsələsi tam anlaşılandır, məntiqlidir”.
E. Nəsirovun sözlərinə görə Slovakiya Avropa İttifaqının əsas dövlətlərindən biridir:
“Bizim Çexiyada səfirliyimiz var, indi Slovakiyada da açılması nəticə etibarilə Azərbaycanın Avropa ölkələrində mövqelərinin möhkəmlənməsi mənafeyinə xidmət göstərir”.
Rəşid Qarayev