“Vətəndaşlar var ki, mənzil tikintisi üçün şirkətlərə ödəniş edirlər. 10 illərlə onlar gözləyirlər ki,həmin evə sahib olsunlar. Çalışmalıyıq ki, tikinti şirkətləri bu işlərə başlayanda onun həqiqətən də bankda vəsaitinin olduğunu sübut edən sənədi olsun”.
AzNews.az xəbər verir ki, bu sözləri millət vəkili Naqif Həmzəyev Bakıda keçirilən "Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, tənzimlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həlli yolları" mövzusunda konfransda bildirib.
Millət vəkili bildirib ki, sənəd olduğu halda şirkətlərə tikinti işlərinin aparılması ilə bağlı icazələr verilsin.
“Əks halda biz insanların hüquqlarının pozulması hallarının şahidi olacağıq. Tikinti şirkətlərinə təmirsiz mənzillərin satışını həyata keçirilməsi qadağa qoyulmalıdı. Çünki vətəndaşlara təmirsiz mənzil verəndən sonra onlar evlərdə müəyyən dəyişikliklər edirlər. Nəticə etibarilə gələcəkdə ciddi qanun pozuntularının şahidi olacağıq. Şirkət sahiblərinin binaların tikintisində ustaların etdiyi dəyişikliklərə nəzarət etmədiyini etiraf etməliyik. Hərdən elə fors-major hallar baş verir ki, bu hadisələrin qarşısını almaq üçün gec olur”.
Ayan Rzayeva