Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilməsi gözlənilən görüşə münasibət bildirərkən deyib ki, onlar dayanıqlı sülhə nail olmağa aparan istənilən konstruktiv vasitəçiliyi dəstəkləyir. O əlavə edib ki, buna görə də nəticələrə əsasən fikir irəli sürmək lazımdır.
Mövzu ilə bağlı saytımıza danışan millət vəkili Ceyhun Məmmədov bildirib ki, Rusiyanın belə bir açıqlama verməsi önəmlidir:
“İndi onun nə dərəcədə səmimi olması başqa müzakirə mövzusudur. Amma Rusiya tərəfinin belə bir açıqlama verməsi düşünürəm ki, təqdirəlayiq haldır. Çünki əvvəlki dövrlərdə əksəriyyət düşünürdü ki, Rusiya çalışır ki, yalnız onun moderatorluğu ilə bu danışıqlar aparılsın. Yəni Rusiya ABŞ-nin, Avropa İttifaqının vasitəçiliyi ilə danışıqların aparılmasının tərəfdarı deyil. O özünü əsas moderator hesab edir. Bir sıra hallarda da Vaşinqtonda, ayrı-ayrı ölkələrdə də danışıqlar apararkən atəşkəsin pozulması da müəyyən mənada o mahiyyəti daşıyırdı ki, Rusiya mesaj verməyə çalışır ki, bu proses yalnız onun vasitəçiliyi ilə həyata keçirilə bilər. Çünki bütün tərəflərin məqsədi odur ki, bölgəyə sülh gəlsin”.
Millət vəkili bildirib ki, Rusiya bu açıqlamalarla yanaşı real addımlar atılmalıdır:
“Biz bu gün görürük ki, Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazilərdən davamlı olaraq Azərbaycan tərəfinə atəş açılır. Biz bunu davamlı olaraq görürük. Bu da iki səbəbdən ola bilər. Ya sülhməramlı kontingenti bu işi yerinə yetirə bilmir, ya da sülhməramlı kontingenti bu addımı məqsədli şəkildə atır. Biz hesab edirik ki, Rusiyanın imkanları var ki, bu məsələyə müdaxilə edərək bölgəyə sülhün gəlməsi üçün Ermənistana öz təsirlərini daha da artırsın, real addımlar atsın. Biz yekunda qarşımıza qoyduğumuz hədəflərə və məqsədlərə nail ola bilək”.
Rəşid Qarayev