"Bu erməni xalqının yeganə xilas yoludur" - Bəhruz Məhərrəmov

13 İyul 2023 23:20 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub. Blinken ölkəsinin Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edib.

“Rəsmi Bakı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üzrə Vaşinqton formatına böyük önəm verir və regionda dayanıqlı sülhə nail olunmasında ABŞ-nin səylərini yüksək qiymətləndirir”.

Bunu mövzu ilə bağlı saytımıza danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. O bildirib ki, Azərbaycan tərəfi prosesin həll yönümlü inkişafı istiqamətində mütəmadi təmasları zəruri hesab edir: “ABŞ isə öz növbəsində regionda sülhün alternativsiz olduğunu və bunun üçün Cənubi Qafqazda ən güvənilir tərəfdaş olan Azərbaycanın beynəlxalq hüquqa əsaslanan maraqlarının təmin edilməsinin zəruriliyini anlayır. ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidentinə zəngi də ilk növbədə bu çərçivədə şərh olunmalıdır. Təsadüfi deyil ki, cənab Blinken özü də söhbət zamanı bir daha Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edib. Rəsmi məlumatda ifadə edilən, ABŞ Dövlət katibinin danışıqlar prosesində yaradıcı və qarşılıqlı güzəştlərə əsaslanan yanaşmanın vacibliyini önə çəkməsinə gəlincə, sirr deyil ki, qalib tərəf olmasına baxmayaraq sülh prosesində əsas təşəbbüskar kimi çıxış etməklə Azərbaycan artıq ən yaradıcı güzəşti edib. Eyni zamanda danışıqlardakı müsbət dinamikanın saxlanmasının da məhz Azərbaycanın səyləri ilə qorunması hələ də revanşist niyyətlə yaşayan Ermənistan üçün ciddi güzəştdir. Bu çərçivədə, cənab İlham Əliyevin söhbət zamanı da ifadə etdiyi kimi, tezliklə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüş keçiriləcək”.

Deputatın sözlərinə görə, telefon danışığında diqqət çəkən digər məqam artıq beynəlxalq cameənin Azərbaycanın Laçın sərhəd-gömrük buraxılış məntəqəsi üzrə iradəsi ilə hesablaşmasıdır: “Fransa, Avropa İttifaqı Parlamenti kimi qərəzli subyektlərin pozucu cəhdlərinə baxmayaraq artıq dünya, o cümlədən ABŞ əsl reallığı qəbul edib və təsadüfi deyil ki, söhbət zamanı Blinken özü də Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə keçidin önəmini vurğulayaraq dayanıqlı sülhün əldə edilməsi üçün əhəmiyyətini qeyd edib. Vaşinqtonun bu mövqeyi deməyə əsas verir ki, yüksək səviyyəli təmaslar öncəsi İrəvan artıq özünün lazımsız arqumentlərindən birini kənara qoymalı və Azərbaycanın sərhəd-buraxılış məntəqəsi ilə bağlı suveren hüququna hörmətlə yanaşmağa məcbur olacaq. Digər mühüm məqam, telefon danışığında cənab Prezidentin Blinkeni Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə həyata keçirilən humanitar daşımalarda qaçaqmalçılıq hallarının aşkar edilməsi barədə məlumatlandırması oldu. Bu addım BQXK-nin regiondakı əsl məqsədlərinin ifşa olunması baxımdan mühüm gediş oldu”.

B.Məhərrəmov sonda qeyd edib ki, ümumiyyətlə, müzakirələrin ritorikası və proseslərin gedişatı göstərir ki, regionda sülhə maneə olan dairələrin çənbəri getdikcə daralır: “Xüsusən güclənən Azərbaycan qarşısında qərəzli dairələrin diqtə ilə danışa bilməməsi fonunda İrəvan artıq Prezident İlham Əliyevin ədalətli şərtləri əsasında sülhdən başqa yolunun qalmadığını anlayır. Bu isə həm də erməni xalqı üçün yeganə xilas yoludur”.

Rəşid Qarayev