Rusiya bu təqdirdə Cənubi Qafqazdan çəkilib getmək məcburiyyətində qalacaq - Elçin Mirzəbəyli

14 İyul 2023 17:14 (UTC+04:00)

Sabah Brüsseldə Azərbaycan, Ermənistan və Avropa İttifaqı Şurasının liderləri görüşəcək.

“Xarici işlər nazirlərinin Vaşinqton görüşü ərəfəsində və sonrasında Ermənistanın sərgilədiyi davranışlar, davamlı təxribatlara yol verməsi, rəsmi İrəvanın yenə də prosesi ləngitmək üçün müxtəlif bəhanələr axtardığını sübuta yetirir”.

Bunu mövzu ilə bağlı saytımıza danışan politoloq Elçin Mirzəbəyli deyib.

O bildirib ki, Azərbaycan ərazilərində ermənilərin yaşadığı məntəqələrdən birində bilavasitə uşaqların valideynlərinin məsuliyyətsizliyi nəticəsində baş verən hadisəni rəsmi İrəvanın Azərbaycanın üzərinə yıxmaq cəhdləri nəyin bahasına olursa olsun, onların ərazilərimizdə hüquqi azadlıqları ilə bağlı problemlərinin olduğunu diqqətə çatdırmaq niyyətindən xəbər verir:

“Çünki digər amillər, Laçın yolu və sərhəd buraxılış məntəqəsi ilə bağlı Ermənistanın sərgilədiyi davranışlar, atdığı addımlar nəticə etibarilə iflasa uğrayıb. Avropa Məhkəməsi Ermənistanın bütün iddialarını rədd etdikdən və Azərbaycanın davranışlarının legitim olduğunu bəyan etdikdən sonra bu müstəvidə müzakirəyə çıxaracaq ciddi bir əsası yoxdur. Olsa da, bu,, yalnız dedi-qodu xarakterli iddialar ola bilər. Belə olduğu təqdirdə İrəvan özünün ənənəvi informasiya manipulyasiyasını işə salmaqla prosesdə nəticə əldə olunmamasına cəhd göstərir. Bu, prinsip etibarilə Ermənistanın son çırpıntıları kimi də qəbul oluna bilər. Müqavimət göstərməyə cəhd edir ki, nəyin bahasına olursa olsun, proses müəyyən müddət uzadılsın və konkret nəticə əldə olunmasın. Çünki masa üzərində olan prinsiplər, müddəalar Ermənistandan konkret mövqe qoymağı tələb edir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Qarabağın və anklav kəndlərin Azərbaycan ərazisi olduğunu bildirməsi ilə bağlı beynəlxalq müstəvidə öhdəlik qoyulub ki, bu prinsiplərdən kənarda rəsmi İrəvanın hərhansı mövqe nümayiş etdirməsi mümkün deyil. Belə olduğu təqdirdə Ermənistan məqsədyönlü şəkildə məsələni insan hüquqları və azadlıqları kontekstinə çəkməklə Azərbaycana qarşı beynəlxalq təzyiqlər təşkil etmək və prosesi uzatmağa cəhd göstərir”.

Politoloqun sözlərinə görə, Ermənistanın sərhəd əraziləri ilə bağlı bir sıra iddiaları var ki, bu iddialar indiki şəraitdə Azərbaycan tərəfindən qəbul edilə bilməz:

“Proses yalnız delimitasiya vaxtı müvafiq xəritələrə, reallıqlara, Ermənistanın son otuz il ərzində göstərdiyi aqressiv davranışlara, təcavüzkarlıq siyasətinə və təcavüzkarın cəzalandırılması prinsiplərinə uyğun şəkildə həyata keçməlidir. Brüssel görüşündə tam bir nəticə əldə olunacağını sözün doğrusu gözləmirəm. Yəni hazırda yekun sülh müqaviləsinin imzalanması üçün hansısa əsas yoxdur. Amma müəyyən pozitiv bəyanatların veriləcəyi gözləniləndir. Ola bilsin ki, ilin sonuna qədər hansısa nəticələr əldə olunsun. Amma bunun hansı platformada əldə ediləcəyi müzakirə mövzusudur”.

E.Mirzəbəyli qeyd edib ki, Rusiyanın sərgilədiyi davranışlar, eyni zamanda son dövrlərdə atdığı addımlar sübuta yetirir ki, rəsmi Moskva bölgədə yalnız kommunikasiyaların açılmasında və delimitasiya prosesinin uzunmüddətli proses olduğunu nəzərə alaraq davam etdirilməsində maraqlıdır:

“Moskva özünün regiondakı mövcudluğunu qoruyub saxlamağa və istənilən situasiyadan istifadə etməyə cəhd göstərir. Amma həm regiondakı, həm də dünyadakı mövcud reallıqlar eyni zamanda ərazi bütövlüyü faktorunun önə keçməsi, qlobal miqyasda baş verən proseslər fonunda separatizmin dəstəklənməsi faktorunun qəbul edilməməsi, separatizm amilindən istifadənin yolverilməzliyinin də prinsipial olaraq qəbul edilməsi Rusiyanın mövqelərinə müəyyən qədər təsir göstərir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO sammiti çərçivəsində jurnalistlərə verdiyi açıqlamasında Rusiya sülhməramlılarının 2025-ci ildə Azərbaycan ərazilərindən çıxması ilə bağlı səsləndirdiyi fikirlərin də təsadüfi olduğunu düşünmürəm. Rusiya indiki şəraitdə prosesi əngəlləməkdənsə irəliyə doğru aparılmasına cəhd göstərməlidir. 2025-ci ilə qədər böyük bir zaman kəsiyi qalmayıb, bu zaman kəsiyində Rusiya öz davranışları və atdığı addımlarla ədalətli sülhün əldə olunmasına cəhd göstərəcəksə,o zaman onun bölgədə bu və ya digər şəkildə öz nüfuzunu qoruyub saxlaması üçün imkanlar yaranacaq. Əks təqdirdə Cənubi Qafqazdan çəkilib getmək məcburiyyətində qalacaq. Çünki dünyada geosiyasi reallıqlar dəyişir və bu geosiyasi reallıqların fonunda Rusiya üçün ən önəmli məqam təkcə Cənubi Qafqazda öz təsir imkanlarını qoruyub saxlamaqdan ibarət olmalı deyil. Rusiya üçün daha böyük prioritetlər var. Amma indiki şəraitdə yenə separatizm amilindən istifadə Moskva üçün yaxın gələcəkdə ciddi problemlər yarada bilər. İndiki qeyri-müəyyən davranışlar kontekstində məsələyə yanaşanda Rusiya platformasından da yaxın dövrlərdə hərhansı bir nəticə əldə olunacağı gözlənilmir. Ola bilsin ki, proseslərin gedişatı ilin sonuna qədər müəyyən nəticə əldə olunmasına zəmin yaratsın”.

Rəşid Qarayev