Misirli jurnalist general Sisinin dördüncü arvadı olmaq istəyir

28 İyul 2013 18:54 (UTC+04:00)
Misirli qadın jurnalist Ğadet Şerif ölkədə çevriliş edən general Abdülfettah Sisiyə heyranlığını qəzet səhifəsinə çıxarıb. O, öz köşə yazısında generala "Bir göz vur, yetər" deyə səslənib.

Jurnalist xanım yazısını "Müsəlman Qardaşları"na qarşı müxalif qüvvələrin etiraz aksiyası keçirmələrinə həsr edib. General Sisinin öz tərəfdarlarına müraciət edərək onları küçəyə çağırmasına münasibət bildirən jurnalist belə bir müraciətə ehtiyac olmadığını bildirib: "Bir göz vur, yetər".

"El Masri el Youm" qəzetindəki köşə yazısında Ğadet Şerif misirlilərin generalı dəli kimi sevdiyini yazıb: " Misirlilər bu adamı dəlicəsinə sevir. Dördüncü arvad almaq istəsə əmrindəyik. Cariyə olaraq alsa, vallah etiraz eləmərik. Bu şəkildə şəriəti də yerinə yetirmiş olarıq".
Xanım jurnalist yazısında təkcə generala yox, həm də onun sözçüsünə aşiq olduğunu etiraf edib.

Elnarə
AzNews.az