Qərb Ukraynanı NATO-ya qəbul etməyəcək - Politoloq

14 İyul 2023 17:25 (UTC+04:00)

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı danışıqların vaxt itkisi olduğunu qeyd edib. O əlavə edib ki, bunun üçün demokratiyanın olmaması, korrupsiya ilə mübarizə və digər şərtlərdən bəhs etmək mənasızdır.

“Çünki münaqişə gedən ölkənin NATO-ya üzvlüyü mümkün deyil, bunu Ukraynaya deməlidirlər”.

Mövzuya aydınlıq gətirən politoloq Turab Rzayev AzNews.az-a açıqlamasında bildirib ki, burada əslində səmimi etiraf var.

“ Münaqişə gedən ölkə NATO-ya üzv ola bilməz. Burada Con Bolton da əslində Ukraynaya həqiqəti deməli olduğunu lazım bilib. Ukraynanı NATO üzvlüyünə gah korrupsiya, gah demokratiyanın olmaması səbəbi ilə qəbul etmirlər. Amma məlumdur ki, Qərb NATO-ya Ukraynanı qəbul etməyəcək”.

O qeyd edib ki, burada Qərbin məqsədi Rusiyanı birdəfəlik dağıdıb ,bölüşdürüb, Çinin nəzarətinə vermək deyil. Burada əsas məqsəd Ukraynanın məğlubiyyətinin qarşısını almaqdır. Rusiyaya qarşı nə NATO, nə ABŞ açıq müharibə edəcək. Bunu artıq Ukrayna da başa düşməlidir ki, sistemli şəkildə ordu qurub Rusiya ilə mübarizə aparmasalar, heç kəs Rusiya ilə mübarizə aparmayacaq”.

Politoloq onu da vurğulayıb ki, bu ilin sonuna kimi Ukrayna qələbə əldə etməsə, indiki sərhədlər daxilində atəşkəs elan olunacaq.

“Hətta Rusiya müəyyən qədər irəliləyib əlavə tələblər də irəli sürəcək. Qərbdən Ukraynaya son olaraq F-16-ların verilməsi məsələsi də buna təsir edir. Rusiya da bunu özünə təhdid hesab edir. Hesab edirəm ki, bu ilin sonuna kimi Ukrayna xüsusi bir irəliləyiş əldə edə bilməyəcək. Bu açıqlamada əslində real vəziyyət ifadə olunub. Bu mövzuda Ukrayna NATO-ya indiki şərtlərdə üzv ola bilməyəcəyini başa düşməlidir”.

Ayan Rzayeva