Son zamanlar Türkiyənin Aİ üzvlüyü məsələsi yenidən gündəmə gəlib. Türkiyənin lazımi şərtləri yerinə yetirib Avropa İttifaqı üzvü ola biləcəyinə dair müxtəlif yanaşmalar mövcuddur.
“Türkiyənin Aİ-yə üzvlük məsələsinin yaxın olduğunu düşünmürəm. Rəsmi Ankara bu istiqamətdə bir tələb irəli sürüb, amma onu da nəzərə almaq lazımdır ki, tərəflər arasındakı danışıqlar uzun illərdir dayandırılıb. Hətta Ərdoğan bundan öncəki seçkilər zamanı da Avropa İttifaqına üzvlük məsələsinin dayandırdığını açıqlamışdı. Bu baxımdan da hesab edirəm ki, Aİ Türkiyənin indiki məqamda qəbul etmək niyyətində deyil”.
Bunu mövzu ilə bağlı saytımıza danışan politoloq Turan Rzayev bildirib.
O qeyd edib ki, nəzərə almaq lazımdır ki, bu gün Türkiyədə üç, bəzi mənbələrə görə isə beş milyona yaxın suriyalı qaçqın var. Bundan əlavə ölkəyə davamlı surətdə Əfqanıstandan, Pakistandan, Banqladeşdən, Hindistandan, İrandan və bir neçə fərqli regionlardan miqrantlar ucuz işçi qüvvəsi kimi axın edir. Türkiyə də bunları qəbul edir:
“Türkiyənin Avropa İttifaqına bu miqrantlar və xarici ölkə vətəndaşları ilə qəbul edilməsi həmin insanların ən qısa zamanda Avropaya axın etməsi deməkdir ki, Qərb bunu gözə ala bilməz. İkinci məsələ isə türk vətəndaşlarının özüdür. Bu gün Türkiyədə dollar, avro, lirə balansında kəskin bir fərq var. Bu fərq iqtisadiyyata da təsir edir. Avropa İttifaqına üzv olacaq Türkiyənin vətəndaşları axın-axın Qərb ölkələrinə gedəcək ki, bu da onlar üçün əlavə iqtisadi zərbə deməkdir. İnanmıram bu da mümkün olsun. Digər məsələ isə Aİ-nin tələbləri var ki, bu tələblərin bir çoxu Türkiyə standartlarında qəbul edilmir. Təbii ki, biz kürd məsələsini unutmamalıyıq. Qərbin bu istiqamətdə Türkiyə qarşısında tələbləri də var. Hətta vaxtilə muxtariyyət tələbləri də var idi. Yəni bütün bu məsələlər həll edilmədiyi və aktual qaldığı təqdirdə Türkiyənin Avropa İttifaqına üzvlük məsələsi real deyil”.
T.Rzayev sözlərinə görə, Aİ xüsusilə iqtisadi imkanlarına və rifah səviyyəsinə görə dövlətləri cəzb edir:
“Türkiyə onsuzda siyasi və hərbi baxımdan NATO-ya üzvdür, vaxtilə bu alyansa qəbulu da elə siyasi səbəblərdən idi. Amma Türkiyənin Aİ-yə qəbul edilməsi üçün xüsusi bir səbəb yoxdur. Məsələn Ukrayna, Moldova üçün siyasi səbəblər var. İsveç və Finlandiya üçün də bu səbəblər keçərlidir. Amma Türkiyə üçün belə bir səbəb yoxdur. Məsələn Türkiyə potensial Rusiyanın hədəfində olan ölkə deyil. Amma Ukrayna belədir. Bu baxımdan hesab etmirəm ki, Qərb ailəsi bir yenilik eləsin və müsəlman dövləti qəbul eləsin. Düzdür, Türkiyə rəsmi olaraq İslam dövləti deyil, konstitusiyada din göstərilməyib. Amma bütün hallarda Türkiyənin indiki məqamda qəbul edilməsini real hesab etmirəm. Onu da nəzərə almaq lazımdır ki, Ərdoğan qələbə qazandığı bu seçkilərdə həm də Hüda Par partiyalarla ittifaqa gedərək qələbə qazandı. Belə desək bu gün Türkiyədə artan bir islami radikal görüş var. Qərb islamofobiyanın geniş yayıldığı bir coğrafiyadır bu reallıqlarla Türkiyəni qəbul etməsini mən real qəbul etmirəm”.
Türkiyənin Aİ üzvlüyünün Azərbaycan üçün nəticələri məsələsinə gəldikdə isə politoloq bildirib ki, Türkiyənin Aİ-yə üzv olmasının Azərbaycana heç bir müsbət cəhəti yoxdur:
“Belə bir şey ola bilər ki, Azərbaycan da gələcəkdə Ai-yə üzv olmaq istəsə, Türkiyə burada bizə dəstək ola bilər. Amma unutmamaq lazımdır ki, Türkiyənin Aİ-yə üzv olması ilə faktiki olaraq Türkiyəyə səfər edəcək vətəndaşlardan şengen vizası tələb ediləcək. Azərbaycanla Türkiyə arasında isə viza rejimi ləğv edilib. İki ölkə arasında kifayət qədər fərqli sahələrdə sənədlər mövcuddur, danışıqlar var. Bunların hamısı faktiki olaraq Türkiyənin Aİ-yə üzvlüyü ilə dayandırıla bilər. Bu baxımdan da mən Azərbaycan üçün belə bir prosesin müsbət bir şey vəd etdiyini düşünmürəm. Hətta Türkiyənin Aİ-yə üzvlüyü türk dövlətlədi təşkilatının inkişafı və təşəkkülü prosesində siyasi və hərbi qanadın yaradılması gələcək perspektivi nəzərdə tutulan məsələlərin də həllini ləngidə, hətta dayandıra bilər. Buna görə də Türkiyənin ittifaqa qəbul ediləcəyini düşünmürəm, bunun Azərbaycan və digər türk dövlətlərinə müsbət nəticəsinin olacağını da düşünmürəm”.
Rəşid Qarayev