Hər iki tərəfi məmnun edəcək ölkə Türkiyə olacaq - Neşat Gündoğdu

17 İyul 2023 23:44 (UTC+04:00)

Qara Dəniz Taxıl Təşəbbüsünün müddəti iyulun 17-də başa çatır. İyulun 13-də Rusiya Prezidenti bunun “birtərəfli oyun” olduğunu, Rusiyanın maraqları ilə bağlı heç bir şey edilmədiyini bildirib. Putin Rusiyanın taxıl sazişində iştirakını dayandıra biləcəyini təsdiqləyib. Onun sözlərinə görə, bu halda Moskvaya verilən vədlər yerinə yetirilən kimi yenidən sövdələşməyə qoşulacaq.

Mövzu ilə bağlı Aznews.az-a türkiyəli iqtisadçı Neşat Gündoğdu açıqlama verib.

“Taxıl sazişi ilə bağlı Ukrayna lideri Volodimir Zelenski Türkiyəyə gəlmişdi. Bu vaxt Ərdoğanın da mövzu ilə bağlı cəhdi olmuşdu. Sözü gedən məsələ ilə bağlı görüşün müddəti də uzanmışdı. Ərdoğanın görüşdən sonra Azov komandirlərini Zelenskiyə təslim etdiyini gördük. Bu, açıqca, Rusiya ilə bağlanan sazişə qarşı yaranan situasiya idi. Azov komandirlərinin müharibənin sonuna kimi Türkiyədə qalacağı dəyərləndirildi. Türkiyənin bu həmləsindən sonra Rusiyadan sərt reaksiya gəlmişdi. Bu sərt reaksiya komandirlərin təslimi ilə taxıl sazişi arasında bir münasibət olmadığını göstərdi. Ya da ikinci yol kimi taxıl sazişinin dəniz yolu ilə deyil, quru və dəmir yolu ilə Türkiyənin də daxil olduğu bir perspektivlə həyata keçə bilər”.

Bu ehtimalın asan olmadığını vurğulayan iqtisadçı qeyd edib ki, Türkiyə bu ehtimalı dəyərləndirə bilmədiyi üçün Rusiyanı kənarda saxlaya bilər.

“Bundan əlavə Rusiyanın tələbləri də bəllidir. Rusiya onun taxılını da dünya bazarında satmağa şərait yaradılmasını tələb edir. Rusiya SWİFT-ə qoşularaq taxıl alış-verişini həyata keçirmək istəyir. Ukraynada olan taxılı Avropaya çatdırılmasına dair plan olmasa dünyanın inflyasiya ilə üzləşdiyi bir dönəmdə üstünə qida infilyasiyasının daha da artdığının şahidi olacağıq. Rusiyanın tələbləri yerinə yetirilməsə Rusiyanın geri addım atacağı gözlənilmir. Avropanı taxıl ehtiyatında ciddi problem yaratmaq üçün müəyyən addımlar atacaq. Rusiya öz taxılını dünya bazarına çıxarmaq üçün əlindən gələni edəcək. Müharibə dönəmində Ukraynada taxıl yığımlarında problem yaranıbsa, bu, qida problemlərini meydana çıxara bilər”.

İqtisadçı onu da qeyd edib ki, Qərbin Rusiyanın tələblərində qərarsızlığı Ukrayna qarşısında daha da geridə qalması fikrini yaradır.

“Bunu Baydenin NATO toplantısındakı çıxışında müşahidə etdik. Bayden Rusiyanın uduzduğunu açıqlamışdı. Sanki Qərb Ukrayna müharibəsində Rusiyanın geri addım atacağını düşünür. Rusiyanın iqtisadi baxımdan dünyaya açılmasını təmin edən ölkə Qazaxıstan və Türkiyədir. Türkiyə buna güvənərək Rusiya ilə münasibətlərini qoruyaraq Qərb ilə münasibətlərini inkişaf etdirmək üçün müəyyən həmlələr edir. Ukraynadakı taxılların Türkiyə vasitəçiliyi ilə boğazlardan keçərək dünyaya satışından əlavə Türkiyədə taxıl bazarının qurulması da baş tuta bilər. Rusiya və Ukrayna taxılının Türkiyədə bazarlama yöntəmi ilə türk taxılı olaraq dünya bazarına çıxarılması prosesi də başlaya bilər. Bu asan deyil, amma layihənin gerçəkləşməsi hər iki tərəfə qazandıra bilər. Dünyada olan qida infilyasiyasının qarşısını ala bilər”.

N.Gündoğdu son olaraq vurğulayıb ki, Rusiya taxıl saizişi müddətini artırmaq istəsə belə, Avropa ölkələrinin geri addım atmasını istəyəcək.

“Hər iki tərəfi məmnun edəcək ölkə Türkiyə olacaq. Türkiyənin vasitəçiliyi həm Rusiyanı, həm Ukraynanı, həm də avropalıları məmnun edəcək”.

Ayan Rzayeva