Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının (ICCIA) rəhbərləri ilə görüşüb.
“Ölkə iqtisadiyyatının qeyri-neft sektoruna keçidi üçün vacib tədbirlər həyata keçirilir. Hazırda demək olar ki dünyanın bir çox nəhəng şirkətləri Azərbaycanla enerji və nəqliyyat sahələrində əməkdaşlığa can atır. Azərbaycan iqtisadiyyatı görülən tədbirlərin nəticəsi olaraq gündən-günə daha da inkişaf edir”.
Mövzu ilə bağlı saytımıza danışan millət vəkili Müşfiq Cəfərov bildirib ki, 17 iyulda Bakıda İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası öz işinə başlayıb. Tərəflər arasında ölkəmizdə Azərbaycan Halal Biznes və Turizm Forumunun keçirilməsinə dair Anlaşma Memorandumunun imzalanması beynəlxalq təşkilatların Azərbaycanla qarşılıqlı iqtisadi-ticari əlaqələrin genişləndirməsinin nümunəsidir.
M. Cəfərovun sözlərinə görə, tədbir çərçivəsində KOBİA və ICCIA arasında əməkdaşlıq haqqında imzalanan Anlaşma Memorandumu Bakıda İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Qarabağa investisiya yatırımları üçün şərait yaratmış olacaq:
“KOB-lar arasında əlaqələrin gücləndirilməsi üçün müxtəlif tədbirlərin təşkili, birgə proqram və layihələrin reallaşdırılması gələcəkdə hər iki tərəfə kifayət qədər faydalı olacaq".
Millət vəkili sonda qeyd edib ki, ümumiyyətlə, Azərbaycanda KOBİA yerli və xarici biznes dairələri arasında əlaqələrin qurulmasına dəstək göstərməsi üçün bu görüşlərin təşkili zəruridir. Bununla da Agentlik Qarabağda biznes fəaliyyəti ilə məşğul olmaq istəyən beynəlxalq şirkətlərin investorlarına da dəstək ola biləcək.
Rəşid Qarayev