Türkiyənin Aİ-yə daxil olmasının qarşısında böyük maneələr var - Türkiyəli professor

18 İyul 2023 13:34 (UTC+04:00)

Son zamanlar Türkiyənin Aİ üzvlüyü məsələsi yenidən gündəmə gəlib. Türkiyə lazımi şərtləri yerinə yetirib Avropa İttifaqı üzvü ola biləcəyinə dair müxtəlif yanaşmalar mövcuddur.

Mövzu ilə bağlı Türkiyə Çankırı Karatekin Universitetinin professoru Sezai Özçelikin fikirlərini aldıq.

“Sövdələşmələrdə bir şey verirsən, əvəzində nə isə alırsan. Türkiyə hazırda İsveçin NATO-ya üzvlüyünü təsdiqləmək müqabilində Avropa Birliyinə daxil olmağı düşünür. Biz Türkiyənin Aİ-yə üzv olmasını istəyirik və Aİ-nin də bu istiqamətdə addımlar atacağını düşünürük. Ancaq hazırda bunun qarşısında çox mühüm maneələr var”.

Professor bildirib ki, rəsmi Ankaranın İsveçin NATO üzvlüyünə veto qoyduğu kimi, hazırda Türkiyənin üzvlüyünə də veto qoyacaq iki Aİ üzvü var:

“Onlardan biri problemin həll olunmadan Türkiyənin üzv olmasını istəmədiyi üçün Kipr Rum rəhbərliyidir. Digəri isə Yunanıstandır. Təkcə Kipr məsələsini deyil, bir çox başqa problemləri həll etmədən Yunanıstanın Türkiyənin üzvlüyünə çox isti baxacağını düşünə bilmərik. Bu mənada Türkiyənin Aİ-yə daxil olmasının qarşısında böyük maneələr var”.

S. Özçelik digər maneənin Finlandiya və İsveçin üzvlüyünə veto qoyan bir ölkənin Avropa İttifaqına üzvlüyünün istənməməsi ola biləcəyini bildirib.

Onun sözlərinə görə, Fransa da qarşı çıxacaq ölkələrdən biridir:

“Türkiyənin Aİ-yə üzvlüyü o qədər də mümkünsüz deyil. Burada belə bir misal göstərə bilərik, İngiltərə 1973-cü ildə üzvlük üçün müraciət edəndə ona üç dəfə veto qoyulmuşdu. O zaman Fransa prezidenti De Qoll Britaniyanın üzvlüyünə veto qoyduqdan sonra İngiltərənin üçüncü müraciətindən sonra üzv ola bildi. Türkiyə İsveçin NATO üzvlüyünə müsbət yanaşdığı üçün Aİ onu üzv kimi qəbul edəcək deyə bir şey yoxdur. Çünki Aİ-nin fəaliyyət prosesi aydındır. 1940-cı illərdən bəri qurulan təşkilatın strukturu və necə işlədiyi hər kəsə məlumdur. Prosesin mümkün olmamasının birinci səbəbi elə budur. İkinci səbəb odur ki, Avropa İttifaqına üzv olmaq üçün iqtisadi və siyasi Kopenhagen meyarları var. Siyasi kriteriyalar demokratiyanın qurulması, insan hüquqlarına hörmət və qanunun aliliyi kimi Aİ prinsiplərinə riayət etməkdir. Türkiyə ilk illərdə üzvlük prosesində müsbət addımlar atsa da, 2013-cü ildən bu yana heç bir irəliləyiş əldə edə bilməyib. Üstəlik, Türkiyənin qurucu üzvü olduğu və Avropa İnsan Haqları Məhkəməsinin bağlı olduğu Avropa Şurası var. Hazırda Türkiyə Avropa İnsan Haqları Məhkəməsinin müəyyən işlərinə, xüsusən də Kavala məsələsinə görə qərarına əməl etmədiyi üçün sanksiyalarla üzləşib. Avropa Komissiyasının sentyabrda keçiriləcək iclasında Aİ üzvlüyünü bir yana qoyaq, Türkiyəyə qarşı hansı sanksiyaların tətbiq olunacağı müzakirə olunur. Masada hətta Avropa Komissiyası üzvlüyündən çıxarılma da var. Bu o qədər də mümkün deyil, amma belə bir vəziyyətlə üzləşmək Türkiyə üçün Avropa qarşısında yaxşı hal deyil”.

Rəşid Qarayev