Ermənistanın təxribatlarının heç bir nəticəsi olmayacaq - Politoloq

18 İyul 2023 16:11 (UTC+04:00)

Son həftələr Ermənistan Naxçıvanı mütəmadi olaraq atəşə tutur. İyulun 13-14-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini minaatanlar da daxil olmaqla iriçaplı silahlardan atəşə tutub. Bu vəziyyət demək olar ki, ardıcıl olaraq baş tutub.

Bəs son həftə ərzində Naxçıvanın Ermənistan tərəfindən mütəmadi olaraq atəşə tutulmasının səbəbi nədir?

Sözügedən məsələ ilə bağlı AzNews.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Vətən müharibəsindən sonra yeni geosiyasi reallıqlar kontekstində Zəngəzur dəhlizinin açılması mühüm əhəmiyyət kəsb edir.

"Kommunikasiya sisteminin açılması, şübhəsiz ki, sülhü, təhlükəsizliyi və sabitliyi möhkəmləndirəcək əməkdaşlığı təşviq edir. Bu xüsusda Azərbaycanın təklifləri də regional əməkdaşlığa əsaslanır. Lakin biz Ermənistanın destruktiv addımlarından geri çəkilmədiyini müşahidə edirik. Regionda gərginliyin artmasına səbəb olan addımlar atır. Naxçıvanla sərhəddə metallurgiya zavodunun inşasından sonra oradakı mövqelərinizin atəşə tutulması da sistematik xarakter daşıyır. Qeyd edək ki, Arazdəyən bölgəsindən Zəngəzur dəhlizi keçəcək".

O qeyd edib ki, burada tikilən metallurgiya zavodu, məhz, regional planların üstündən xətt çəkməyə yönəlib.

"Eyni zamanda son dövrlər ardıcıl olaraq mövqelərimizin atəşə tutulması təxribat xarakteri daşıyır. Çalışırlar ki , Azərbaycan güclü şəkildə bu təxribatların qarşısını alsın. Nəticədə Azərbaycanı qınayan bəyanatlar səslənsin. Bununla da Ermənistan siyasi xallar toplayaraq danışıqlar müstəvisində üzərinə götürdüyü öhdəliklərdən qaçsın. Hesab edirəm ki, metallurgiya zavodunun tikilməsi siyasi bir qərar əsasında icra olunur. Eyni zamanda ekoloji fəlakət törətmək niyəti ilə bu zavodun inşasına başlanılıb. Hər bir halda Zəngəzur dəhlizi mütləq şəkildə açılmalıdır. Bu proses artıq qaçılmazdır. Regional güc mərkəzlərinin də bu xüsusda istəkləri var. Düşünürəm ki, Ermənistanın hərbi siyasi təxribatlarının heç bir nəticəsi olmayacaq".

Ayan Rzayeva