Prezident İlham Əliyev Özbəkistanın baş naziri Abdulla Aripovu qəbul edib.
“Baş nazirin səfəri xüsusilə iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinə, Özbəkistan prezidentinin səfərinin bir çox məqamları nöqteyi-nəzərindən də böyük məna və əhəmiyyət kəsb edir. Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində Özbəkistan qardaş dövlət olaraq yaxından iştirak edir və böyük bir məktəbin tikintisini həyata keçirməkdədir”.
Mövzu ilə bağlı saytımıza danışan Milli Məclisin deputatı Elman Nəsriov bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi xarici siyasətin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır:
“İkitərəfli münasibətlər yüksək səviyyədə olacağı təqdirdə üçtərəfli, dördtərəfli, beştərəfli, ümumiyyətlə, çoxtərəfli münasibətlərimiz formalaşacaq və inkişaf edəcək. Müsəlman ölkələrlə münasibətlərə xüsusi diqqət yetirilir. Bu nöqteyi nəzərdən mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın münasibətlərində son zamanlar bir dinamika müşahidə olunmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyevin demək olar ki, bütün mərkəzi Asiya respublikalarına yüksək səviyyəli səfərləri olmuşdur. Bu səfərlər qarşılıqlı xarakter kəsb etmişdir. Elə eyni məntiqlə söyləmək olar ki, Azərbaycan-Özbəkistan münasibətləri də dinamik inkişaf tempinə malikdir. Hər iki dövlətin prezidentlərinin qarşılıqlı səfərləri müşahidə olunub və bu bizim dövlətlərimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunun təzahürüdür. Bu günlərdə Özbəkistan Respublikasının baş nazirinin Azərbaycana səfəri dediklərimizi təsdiq edir”.
E. Nəsirov qeyd edib ki, Özbəkistanda prezident seçkilərində xalqın etimadını qazanaraq prezident seçilən Şavkat Mirziyoyevin avqustun ikinci yarısında Azərbaycana səfəri gözlənilir:
“Hesab edirəm ki, bu səfər nəticə etibarilə iqtisadi ticarət əlaqələrimizin, nəqliyyat sahəsində əlaqələrin, qarşılıqlı investisiyanın qoyulması, turizmin inkişafı və digər məsələlərin diqqət mərkəzində saxlanması ilə yadda qalacaq və münasibətlərimizin bundan sonrakı inkişafı üçün yeni mexanizmlərin axtarıb tapılması nöqteyi-nəzərindən də böyük məna və əhəmiyyət kəsb edir”.
Rəşid Qarayev