İyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib ki, Prezident Rəcəb Tayyib Ərdoğanla şəxsi dostluqları təkcə regionda deyil, dünyada məlum bir faktordur. Bu, regional inkişaf və sabitlik baxımından da çox mühüm bir faktordur.
“Azərbaycan və Türkiyə dövlət başçılarının dostluğu cəmiyyətdən gələn sosial sifarişdir. Hər iki lider xalqlarının istəyini yerinə yetirirlər. Eyni zamanda düşüncə, fəaliyyət, siyasi baxışlar cəhətdən də hər iki lider bir-birinə çox yaxındır. Onların dostluğu regionda bir çox problemin həllində, regionun dünyada nüfuzunun artmasında böyük rol oynayır”.
Bunu mövzu ilə bağlı saytımıza danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. O bildirib ki, Rusiya-Ukrayna müharibəsi dövründə də iki dövlətin birgə fəaliyyəti bir çox problemlərin ağırlaşmasının qarşısını aldı.
“Taxıl sazişinin əldə edilməsinə şərait yaratdı. Eyni zamanda Azərbaycan və Türkiyənin bu münaqişədə təmkinli hərəkəti Ukraynanı bir sıra sosial fəlakətlərdən də qurtardı. Deyərdim ki, liderlərin şəxsi dostluğu iki ölkənin maraqlarına cavab verir”, - deyə deputat əlavə edib.
Deputatın sözlərinə görə, Azərbaycan və Türkiyə arasında ticarət həcmi, birgə layihələrin sayı artıb. Qarşılıqlı investisiyalar genişlənir: "Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir. Eyni zamanda işğaldan azad olunan ərazilərdə çalışan firmaların əksəriyyəti Türkiyə firmalarıdır. Şübhəsiz ki, iki ölkə liderlərinin yaxın münasibəti, şəxsi dostluğu bu layihələrin həyata keçirilməsində çox böyük rol oynayır. Bu dostluq xalqların istəyindən irəli gəlir. Bundan sonra da bu dostluğun iki ölkənin və dünyanın maraqlarına xidmət edəcəyinə hamı inanır”.
Rəşid Qarayev