Bu gün Pakistan və Azərbaycan arasında neft sənayesində əməkdaşlıq sazişi imzalanacaq. İmzalanma mərasimində Pakistanın Baş naziri Şahbaz Şərif də iştirak edəcək.
“Azərbaycanla Pakistan arasındakı dostluq və əməkdaşlığın böyük tarixi var. Ölkələrimiz arası dostluğun möhkəmliyi tarixi sınaqlardan keçib. Azərbaycan və Pakistanın hər zaman bir-birinin yanında olması ilə bütün dünyaya sarsılmaz birliyimiz nümayiş olunmuşdur”.
Mövzu ilə bağlı saytımıza danışan millət vəkili Azər Badamov bildirib ki, son illər iqtisadi sahədə əməkdaşlıq imkanlarının reallaşması ölkələrimizi qarşılıqlı fayda əsasında bir-birinə daha yaxınlaşdırır:
“Əməkdaşlıq etdiyimiz sahələrdən biri də neft və neft məhsullarının ixracı və Pakistanda neft kimya sənayesinin qurulması üçün Azərbaycan təcrübəsindən istifadə olunmasıdır. O cümlədən Azərbaycanın dünya bazarında alqı-satqısını həyata keçirdiyi mayeləşdirilmiş qazın da Pakistana ixracı məsələsi də gündəmdə olan məsələlərdəndir. Belə ki, bu gün Pakistan və Azərbaycan arasında neft sənayesində əməkdaşlıq sazişi imzalanacaq. İmzalanma mərasimində Pakistanın Baş naziri Şahbaz Şərifin iştirak etməsi bu əməkdaşlığa verilən yüksək dəyərdən irəli gəlir”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan Pakistana daha ucuz qiymətə maye qazın tədarükünü təşkil edəcək:
“Ümumiyyətlə, Azərbaycanla-Pakistan arasında iqtisadi əməkdaşlıq sahəsində istifadə olunmamış potensial çox böyükdür. Pakistan böyük iqtisadiyyata malik ölkədir. Bu ölkə ilə neft sənayesi sahəsində əməkdaşlıqa dair sazişin imzalanması iqtisadi əlaqələrimizin daha da inkişafına yol açacaq”.
Rəşid Qarayev