İyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib ki, Şuşa bəyannaməsi qarşımızda yeni üfüqlər açır.
“Bu tarixi bir hadisədir, çünki biz bunu təsəvvürə belə gətirə bilməzdik ki, Şuşa son üç ilin siyasi, iqtisadi, mənəvi, mədəni həyatı üçün mərkəz olacaq. Bakı ilə yaxşı mənada rəqabət aparacaq. Onsuzda biz yüz illərdir onu qəlbimizdə saxlamışıq, indiki halda isə yalnız mədəni, mənəvi, sənət deyil, həm də siyasətin, idarəetmənin ölkənin təhlükəsizlik sisteminin əsas mərkəzi məkanına çevriləcək. Şuşa strateji yüksəklikdir, bu məlum məsələdir”.
Mövzu ilə bağlı saytımıza danışan Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, Şuşa bəyannaməsinə qoşulan dövlətlərin sayı arta bilər.
“Biz orada yalnız iki dövlətin, Azərbaycan və Türkiyənin birliyini yaradıb üçüncü, dördüncü dövlətlərə qarşı ərazi iddialarından çıxış edib işğalçılıq siyasəti yürütmək niyyəti güdmürük. Tam əksinə Azərbaycan Prezidenti Qarabağı, onun timsalında bütün Qafqazı təhlükəsiz sistemə çatdırmağa çalışır. Bu mənada onun regional liderliyi şübhəsizdir. Görün "Qafqaz üçün Şuşa Bəyannaməsi" necə uğurlu səslənir. Əslində, bu bəyannamənin prinsipləri bütövlükdə suverenlik, təhlükəsizlik, bütövlük, dinc, yanaşı yaşamaq, qonşuluq münasibətlərinə hörmət və s. özündə ehtiva edir. Ali Baş Komandan o suallara cavab verərkən həm də dünyaya səsləniş edir. Dünyanın müxtəlif nöqtələrindən ölkəmizi izləyən adamlar görür ki, Şuşa təhlükəsizdir", - deyə o əlavə edib.
Millət vəkili sonda qeyd edib ki, Şuşa o dərəcədə güclü təminatlı bir səviyyəyə çatacaq ki, 30 il ərzində və aralıq dövrlərdə də zəif bəndə dönüşən nöqtə indi bizim güclü zirehimizə çevriləcək: "Bizim suverenliyimizi, müstəqilliyimizi irəliyə aparacaq. Ona görə də açığı bu, dünya ilə media tribunası üzərindən dialoqdur.
Rəşid Qarayev