Ermənistan İranla bir çox sahələrdə gizli işbirliyinə malikdir - Tural İsmayılov

24 İyul 2023 15:07 (UTC+04:00)

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tehranda İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşüb. Son zamanlar İranın Azərbaycan və Ermənistanla paralel əlaqədə olması ağıllara bir sual gətirir. İran da Azərbaycan və Ermənistan arasındakı süh müqaviləsinin imzalanması prosesinə vasitəçi kimi daxil olmaq istəyir?

“İranın hansısa bir formada bölgədə fəallıq göstərmək arzuları var. Xüsusilə, Vaşinqton, Brüssel, Moskva formatlarının müzakirə olunduğu bir dövrdə İran da Azərbaycan- Ermənistan münasibətlərinin normallaşması prosesində iştirak etməyə çalışır. Lakin nəzərə almaq lazımdır ki, İranın bu məsələdə hansısa bir mövqeyi ola bilməz”.

Mövzu ilə bağlı saytımıza danışan politoloq Tural İsmayılov bildirib ki, Fransa kimi İran da birmənalı şəkildə Ermənistanı daha çox müdafiə edir. Eyni zamanda bu gün Zəngəzur dəhlizi kimi önəmli bir layihənin reallaşmasında ən böyük bariyerlərdən biri İrandır:

“Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Zəngəzur dəhlizi vacib faktorlardan birini təşkil etdiyi üçün İranın bu məsələdə loyal olmaması, həmçinin prosesi sabotaj etməsi və bizim istədiyimiz mövqeləri bərpa edə bilməməsi haqlı suallar yaradır. Həmçinin İranın son dövrlər Azərbaycan əleyhinə həyata keçirdiyi siyasi fəaliyyət Azərbaycan cəmiyyətində İrana olan etimadı da azaldıb. Bu baxımdan hansısa bir formada İranın Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması prosesinə vasitəçi kimi daxil olmaq səyləri əsla dəstəklənə bilməz”.

Politoloqun sözlərinə görə, heç ağlabatan deyil ki, Moskva, Brüssel hətta Vaşinqton da İranın hansısa bir formada iki ölkə arasındakı münasibətlərə müdaxilə etməyə çalışmasına imkan versin:

“Sadəcə olaraq bu gün Ermənistan riyakarlıq edərək özünü qərbpərəst göstərsə də İranla bir çox sahələrdə gizli işbirliyinə malikdir. İran mollakratiyasının Ermənistandakı sorosçu hakimiyyətlə bu qədər dərindən iş birliyi etməsi də hesab edirəm ki, İslam dünyasında xüsusi şəkildə izlənilir və İranın bütövlükdə müsəlman aləminə qarşı nə qədər qeyri-səmimi olduğu bir daha ortaya çıxır”.

Rəşid Qarayev