Prezident İlham Əliyev “China Global Television Network” televiziya kanalına müsahibəsində bildirib ki, Fransa Ermənistanın böyük vəkilinə çevrilib.
Mövzu ilə bağlı saytmıza danışan millət vəkili Elman Məmmədov bildirib ki, cənab prezident İlham Əliyev 44 günlük müharibə dövründə də ondan sonra da bu məsələni xüsusi qeyd edir.
"Yəni bu danılmaz faktdır. Fransa özü də bunu gizlətmir. Fransada yaşayan və dünyada mövcud olan güclü erməni diasporasının, erməni milyarderlərinin pulu ilə prezidentliyə gələn Emmanuel Makron özü də deyir ki, onlar Ermənistanı müdafiə edir, edəcəklər. Hətta biraz da irəli gedib bəyan edir ki, Ermənistanı silahlandıracak, müdafiəsinə kömək edəcəklər. Cənab prezident İlham Əliyev də xüsusi qeyd etdi ki, Fransa insan hüquqlarından, demokratiyadan dəm vurur, ancaq Fransa özünün keçmişinə baxsın elə indisinə də baxsın”.
Deputat deyib ki, Fransa son 250-300 il ərzində dünyanın ən güclü müstəmləkəçi, işğalçı dövlətlərindən biri hesab olunur və həqiqətən də elədir.
“İşğalçı müstəmləkəçilik siyasətini Fransa bu gün də davam etdirir. Yəni Fransa bir sıra regionlarda müəyyən yerləri müstəmləkə kimi saxlayır. Müəyyən Afrika dövlətlərindən bu gün də bac, təzminat alır. Fransanın özündə son illərdə baş verən etiraz aksiyalarına baxın. Sarı jiletlilərin aksiyası və ondan sonrakı aksiyalarda insanlara necə divan tutulurdu. Budur Fransanın demokratiyası, insan hüquqları? Emmanuel Makron, sən belə hüquq qoruyansansa, korsikalıların hüquqlarını təmin elə. Onlara öz dillərində danışmağı, yazmağı da qadağan etmisiniz. Öz ölkəndə insan hüquqlarının təminatından danış. Yaxud erməniləri bu qədər düşünürsənsə, ermənisənsə, sənin ölkəndə yüz minlərlə erməni yaşayır. Marsel və ətrafında yaşayan ermənilərə sən dövlət yarat, muxtariyyət ver. Cənab prezident demişkən, biz də baxaq və deyək ki, sağol Makron neçə yüz min erməniyə dövlət yaratdın, hüquqlarının qeydinə qaldın”.
E. Məmmədovun fikrincə, Fransa bu hərəkətləri ilə insan hüquqlarını da, dövlətlərarası münasibətləri də pozur və cənubi Qafqazda sülhün olmasına ciddi maneə törədir.
“Əgər Fransa bu gün Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliklə yanaşıb, orada ermənilərə aid nəsə qurum olmasını müdafiə edirsə, bu, Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilədir. Azərbaycan dövlətinə qarşı hörmətsizlikdir, qəbul olunmayan bir məsələdir. Yenə təkrar edirəm sən erməniləri belə çox istəyirsənsə ordakı 20 min ermənidənsə öz ərazində neçə yüz min erməniyə bir dövlət yarat, adını da nə qoyursan qoy. Biz də baxıb o dövləti tanıyaq, sağol deyək. Amma sən özünə rəva görmədiyini bizə rəva görürsən”.
Millət vəkili sonda qeyd edib ki, bu məsələlərdə Fransa tək deyil.
“Şimal qonşumuz da ara qarışdırmaqla, separatçıların müdafiəsi ilə məşğuldur. Şimal qonşumuz bilmir ki, onun ərazisində Şimali Qafqazda az qala bir milyon erməni kompakt yaşayır? Orada onlara dövlət qursun da. Yəni kim bizə insan hüquqlarından, demokratiyadan, haqq-ədalətdən dərs vermək istəyirsə, öncə özünə baxsın. Özünün keçmişinə, indisinə baxsın. Bu barədə haqqı olmayan boğazdan yuxarı heç kimə dərs vermək hüququna malik deyil”.
Rəşid Qarayev