Fransanın Ermənistanı dəstəkləməsi Makronun siyasi naşılığıdır - Deputat

25 İyul 2023 15:47 (UTC+04:00)

Prezident İlham Əliyev “China Global Television Network” televiziya kanalına müsahibəsində bildirib ki, Fransa Ermənistanın böyük vəkilinə çevrilib.

Mövzu ilə balı saytımıza danışan Milli Məclisin deputatı Jalə Əhmədova bildirib ki, 30 il müddətində Ermənistanın işğalçılıq siyasətinə göz yuman Fransa bu gün də anti-Azərbaycan siyasətini davam etdirir.

“Azərbaycan Fransa hökumətinin çox əsassız hücumları ilə üzləşir. Bu ölkənin rəsmilərinin absurd bəyanatları hər cür siyasi etikadan, əndazədən kənara çıxır. Azərbaycanı etmədiyi məsələlərdə ittiham edən Fransanın ölkəmizə qarşı şər, böhtan yolunu tutması qəbuledilməzdir”, - o əlavə edib.

J. Əhmədovanın sözlərinə görə, işğalçı Ermənistana vəkillik edən Fransa özü işğalçı ölkədir:

“O, 1768-ci ildə Korsika adasını işğal edib və öz ərazisinə qatıb. Fransanın demokratiyadan, insan hüquqlarının pozulmasından danışmağa heç bir haqqı yoxdur. Çünki rəsmi Paris korsikalıları bütün hüquqlarından məhrum edib. Korsikalılar nə öz dillərində danışa bilər, nə də pasportlarında milliyyətlərini yazdıra bilərlər. Bu isə təbii olaraq beynəlxalq hüquqa hörmətsizlik kimi dəyərləndirilir. Belə bir siyasəti yürüdən Fransanın erməni separatizmini dəstəkləməsi və Qarabağda erməni separatçılarına “status” verilməsində israr etməsi Makronun siyasi naşılıq və riyakarlığından başqa bir şey deyil”.

Rəşid Qarayev