Forumun Şuşada baş tutması milli maraqlarımızın müdafiə alətidir - Yeganə Hacıyeva

26 İyul 2023 19:10 (UTC+04:00)

“Arxitekturası yeni formalaşmaqda olan çoxmərkəzli dünyanın memarlığında əsas vəzifə məhz medianın üzərinə düşüb və bunu biz həm də media diplomatiyası adlandıra bilərik. Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq dünya yeni 4 cü sənaye inqilabının astanasındadır”.

Bunu politoloq Yeganə Hacıyeva saytımıza açıqlamasında deyib.

O bildirib ki, adına texnoloji inkişaf dediyimiz yeni şərtlər dünyanın ictimai, siyasi, iqtisadi mənzərəsini və bu sahədəki ənənəvi qaydaları dəyişir. Hökumətlər, cəmiyyətlər, ictimai-siyasi institutlar rəqəmsal texnologiyaların idarəçiliyinə adaptasiya olunur.

“Rəqəmsal texnologiyaların idarəçiliyinə adaptasiya olunan yeni dünyada yeni mexanizmlər qlobal səviyyədə ənənəvi siyasi-ictimai quruluşların dəyişməsinə səbəb olur. 4-cü sənaye inqilabının astanasında rəqəmsallaşan siyasət, iqtisadiyyat, sənaye, təhsil, mədəniyyət və digər sahələrdə gedən proseslərdə ölkələr ümumi məqsədə xidmət edən və ən əsası bütün maraqları əhatə edən strategiya axtarışındadırlar”.

Politoloqun sözlərinə görə, vəziyyət yeni şərtlərlə qaydasız, meydanda oyun şərtlərini bilmədən, imkanlara tam bələd olmadan oynamağa oxşayır.

“Günümüzdə texnoloji resurslar qlobal səviyyədə cəmiyyətin ehtiyacı və istəyini formalaşdırır və bu gün cəmiyyətlərin ehtiyac və istəyi texnoloji qiqantların bazarındakı yeni məhsullardır. Rəqəmsallaşan günümüzdə cəmiyyətlərin ənənəvi düşüncə tərzi, milli-mental xüsusiyyətlərə bağlı nəsillə paralel məsələlərə tam fərqli yanaşan algoritmik düşüncə tərzli gənclik formalaşır. 4-cü sənaye inqilabının astanasında qlobal səviyyədə dəyişən media şərtlərində dəyişən jurnalistika, medianın fonunda ənənəvi siyasi düşüncə, siyasi alətlər, cəmiyyət idarəçiliyi dəyişikliyə məruz qalır. Yeni reallıqlarda media diplomatiyasının üzərinə isə yeni siyasi linqivistika, dinlərarası dözümlülük və mədəniyyətlərarası mübadilə ritorikasını formalaşdırmaq kimi mühüm bir vəzifə düşür. Yeni media şərtlərinin ciddi ziddiyyətlər gətirdiyi sahə isə heç şübhəsiz qlobal təhlükəsizlik sistemidir. Məhz bu ziddiyyətlərlə mübarizə üçün beynəlxalq münasibətlər sahəsində yeni şərtlərə uyğun fəaliyyət göstərməklə formalaşan regional və qlobal şəbəkələr həm də risklərə qarşı imunitetlərin formalaşdırmaqdadırlar. Heç şübhəsiz ki, bu immunitetlər qlobal təhlükəsizliyə bir töhfədir”.

Y.Hacıyeva qeyd edib ki, bu qədər geniş və faydalı məlumatlı keçən iki günlük Şuşa Qlobal Media forumunda iştirak edən dünyanın 50 ölkəsindən, 150 media subyekti və 200 dən çox aparıcı ekspertlərın iştirakı forumdan sonra istiqamətdə platforma formatında fəaliyyəti göstərməsini regionlararası və qlobal təhlükəsizlikdə mövcud ziddiyyətlərin aradan qaldırılması üçün bir imkan kimi dəyərləndirmək lazımdır.

“Forum çərçivəsində dünyanın əlli ölkəsindən, 150 nüfuzlu media subyektindən 200 nəfərdən çox media və TV idarəçiləri, jurnalistlərin qatıldığı tədbir qarşılıqlı şəbəkələşmə, təcrübə və biliklərin mübadiləsi üçün əvəzsiz platforma rolunu oynadı. Forumun Azərbaycan mədəniyyətinin nüvəsi Şuşada, Qarabağda baş tutması yalan və dezinformasiya cərəyanları içində boğulan dünyada həm də Azərbaycan həqiqətlərinin çatdırılması üçün bir mexanizm kimi milli maraqlarımızın müdafiə alətidir. Forumda iki gündür media haqqında danışsaq da hər sözün, hər fikirin qayəsi Azərbaycan, Qarabağ haqqındadır. Heç şübhəsiz forumun kuliminasiyası Azərbaycan Prezidentinin çıxışı idi. Prezidentin çıxışı günümüzdə media trendləri, Azərbaycan haqqında dezinformasiya və qərəz təbliğatı və ən əsası regional təhlükəsizlik aspektlərinin hər vintini əhatə etdi”.

Rəşid Qarayev