Rusiya prosesləri maksimum ləngitməyə çalışır - Nəsib Məhəməliyev

26 İyul 2023 17:03 (UTC+04:00)

Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq regionda sabitliyin əsas elementlərindən biridir.

“Zaxarova artıq Rusiya federasiyasının siyasətini açıqlayır, münasibətini bildirir. Bu aydın məsələdir, başadüşüləndir. Ancaq məsələ ondadır ki, Rusiyanın apardığı siyasət öz ənənəvi maraqlarına xidmət edir”.

Bunu mövzu ilə bağlı saytımıza danışan Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. O bildirib ki, Rusiya konkret olaraq başa düşür ki, əgər Ermənistanla Azərbaycan arasında barışıq əldə olunarsa, onun Cənubi Qafqazda mövcudluğuna son verilə bilər, ciddi ehtiyac olmaz.

“Əvvəlki illərdə olduğu kimi Rusiya maksimum çalışır ki, proseslər ləngidilsin və öz mövcudluğunu qoruyub saxlasın. Ələlxüsus Ukrayna-Rusiya müharibəsi fonunda Rusiya vaxt udmaq istəyir. İkinci məsələ Ermənistan Azərbaycan münasibətlərinin tənzimlənməsində kollektiv Qərb, yəni ABŞ-nin rəhbərliyi ilə Brüssel formatı da mövcuddur. Təbii ki, Rusiya da bir geosiyasi faktor olaraq buna qısqanclıqla yanaşır. Bu baxımdan Rusiya maraqlıdır ki, status-kvo saxlanılsın, Ermənistanla Azərbaycan arasında böyük sülh müqaviləsi imzalanmasın", - deyə deputat əlavə edib.

Deputat qeyd edib ki, sülh müqaviləsinin imzalanması o deməkdir ki, hər iki tərəf qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıyır və bütövlükdə saxta erməni məsələsi tarixin arxivinə qovuşur.

“Bu da təbii ki, tək Rusiyanı yox, bir çox beynəlxalq gücləri narahat edir. Bu baxımdan hər dövlət öz siyasətini həyata keçirir. Ancaq burada bir məsələ var ki, Rusiya indiyə qədər apardığı siyasətin perspektivsizliyini dərk etməlidir”.

N. Məhəməliyevin sözlərinə görə, 21-ci əsrdə dövlətlərarası beynəlxalq münasibətlər sistemində daha çox qarşılıqlı hörmət əsasında münasibətlərin qurulması, dövlətlərin ərazi bütövlüyünün birmənalı olaraq dəstəklənməsi kimi yeni yanaşmalar tələb olunur.

“Burada hər hansı ikili standartlara yol verilməsi təbii ki, münaqişələrə gətirib çıxarır. Bu baxımdan Rusiyanın öz siyasətində korrektələr etməsi lazımdır. Rusiya hakim dairələri buna getməlidir, nəinki gərginliyin qorunub saxlanılmasına. Hesab edirəm ki, Rusiya xarici siyasətinin ən böyük çatışmazlığı da bundan ibarətdir”.

Rəşid Qarayev