Çoxdrijorlu xor və cəhalətin messası

26 İyul 2023 16:12 (UTC+04:00)

Kobud bir hesablama aparaq və fərz edək ki, sosial şəbəkələrin Azərbaycan seqmentində:
- 500 profil İrandan idarə olur.
- 500 profil sələfi konfessiyasının tərəfdarlarıdırlar.
- Fətullah Gülənin alt paltarlarında şəfa tapanları da 500 profil sayaq.
- Rusiyanın simpattizanlarını da bu qədər götürək.
- Ölkənin sistemdaxili müxalifətinin ümumi 1000 fəalını da üstünə gələk.
- Anarxistlər, solçular, feministlər və digər marginal qruplar da olsun 500 nəfər.
- Qrant liberalları və Qərb donorlarının sifarişini yerinə yetirən 500 nəfəri də unutmayaq.
- Ailə-məişət problemlərindən bezənlər, sosial status travması yaşayanlar, özünü aktuallaşdıra və reallşdıra bilməyən psixopatlar, rigid və hər şeydən narazı ünsürlər, macəraçı və məsuliyyətsiz tiplərin də cəmi olsun 1000 nəfər.
Bir daha deyirəm, bu kobud və şərti hesablamadır.
Sözü gedən 5000 nəfərin ortaq xüsusiyyətləri var:

- Azərbaycanın güclü dövlət olmasını istəmirlər. Məsələn, Gültəkin Hacıbəylinin neftin ucuzlaşmasına reaksiyasını xatırlayın.
- Azərbaycanda güclü mərkəzi hakimiyyət strukturlarının olmasını istəmirlər.
- Azərbaycanda prezident İlham Əliyevi iqtidardan uzaqlaşdırmaq üçün şeytanla belə əməkdaşlıq etməyə hazırdırlar.
Ölkəmizdə hakimiyyət dəyişikliyi baxımından nisbətən yüksək təzyiqli proses 2013-cü ildə getdi. Rusiyadakı müəyyən dairələr və oliqarxlar Milli Şura layihəsini ortaya qoydular, əvvəlcə Rüstəm İbrahimbəyovdan, daha sonra Cəmil Həsənlidən prezidentliyə namizəd düzəltdilər. Nə İbrahimbəyov siyasətçi idi, nə də Həsənli lider. Amma 5000 ağızdan eyni cümlələr çıxınca siyasət müstəvisi dizayn olundu. Nəticədə yel olub İlham Əliyevin şalvarının balağını belə tərpədə bilmədilər, amma Azərbaycanın siyasi münasibətlər sistemi ağır zərbə aldı.
Bu vəziyyətdə gerçək bir aydın, qafası çalışan vətənpərvər nə etməli, necə davranmalıdır?
1. Dövlətin konstitutsion quruluşunu və quruluşun əsaslarından olan sekulyarlığı müdafiə etməlidir.
2. Azərbaycann iqtisadi, hərbi və geopolitik yüksəlişini, xarici təsirlərdən daha az asılılıq strategiyasını dəstəkləməlidir.
3. Ölkədə güclü mərkəzi hakimiyyətin davamlılığına çalışmalıdır.
4. Azərbaycanın tərəqqisinin inqilablar, çevrilişlər, hər hansı xarici gücün təsirində olan marionet iqtidarlarla bağlı deyil, sosial təkamül və rasional toplum modelində olduğunun blinci ilə mövqe ifadə etməlidir.
5. Asılı olduğumuz tarix və can atdığımız gələcək kontekstində prezident Əliyev ölkəmiz və xalqımız üçün bir şansdır. Çünki arxitekturası çökmüş dünyada İlham Əliyev xalqımızı və torpaqlarımızı bütünləşdirəcək və dünyanın siyasi arenasına baxdığımızda bənzərsiz bir liderdir. İlham Əliyevin missiya və viziyası logosdan çıxış edən hər bir azərbaycanlının alt və üst şüurunun məcmusudur.
Beləliklə Azərbaycan ictimai rəyi iki axın arasında qalır.
Bir tərəfdə cəhalət, 5000 nəfərlik qaragüruh, ruhu satılmış və marginal "xor";
Bir tərəfdə iqtidarın maddi və siyasi nemətlərindən bir diş çöpü də ummadan Azərbaycan davasına sahib çıxan xalqın tarixi şüur daşıyıcıları.
5000 nəfərlik xor Rüstəm İbrahimbəyovdan siyasətçi, Cəmil Həsənlidən lider düzəltmək istədiyi kimi, saxta ziyalılar, yalançı qəhrəmanlar və iki eşşəyin arpasını bölə bilməyənlərdən ictimai rəy öncülləri düzəltmək istəyir. Bunun üçünsə gerçək intellekt sahiblərini, tarixi şüur daşıyıcılarını, həmin qaragüruhun səfini pozan və mahiyyətini ifşa edən milli imzaları qaralamaq, gözdən salmaq, etibarsızlaşdırmaq lazımdır.
Odur ki, bu məlunlar xoru kimi tərifləyirsə, ondan uzaq durun. Bilin ki, gec-tez haqq öz yerini tutacaq və haqq öz yerini tutanda vicdanınız varsa, xəcil olacaqsınız.

Taleh ŞAHSUVARLI