Rəsmi Dehlinin bu mövqeyinin arxasında təkcə Ermənistan sevgisi dayanmır - Müşfiq Cəfərov

27 İyul 2023 13:02 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidentinin Köməkçisi Hikmət Hacıyev Hindistanın Azərbaycandakı səfiri ilə görüşüb. Hikmət Hacıyev Hindistan səfirini Azərbaycan tərəfinin ciddi narahatlığının rəsmi Dehlinin diqqətinə çatdırmağa və Hindistanı Ermənistana öldürücü silahların tədarükü ilə bağlı qərarını bir daha nəzərdən keçirməyə çağırıb.

“Hər birimizə məlumdur ki, Hindistan Ermənistan üçün dost ölkədir və erməni icmasının Hindistanda 400 ildən artıq yaşadığını nəzərə alsaq, bu dostluq təkcə tarixi əlaqələrə deyil, həm də qarşılıqlı, üst-üstə düşən siyasi, iqtisadi və strateji maraqlara əsaslanır”.

Mövzu ilə bağlı satımıza danışan millət vəkili Müşfiq Cəfərov bildirib ki, son zamanlar Ermənistanın iki ölkə arasında hərbi-texniki əməkdaşlığın genişləndirildiyi bu ölkədən yüz milyonlarla dollar dəyərində silah-sursat, o cümlədən “Pinaka” reaktiv yaylım atəşi sistemlərinin alınmasına dair müqavilələrin imzalanması Cənubi Qafqaz üçün böyük təhlükədir.

“Azərbaycan regionun sağlamlaşdırılması, sülh, rifah naminə çalışdıqca Hindistan Ermənistanı beynəlxalq prinsiplərə zidd şəkildə silahlandırır. Təbii ki, bu da öz növbəsində dövlətimiz tərəfindən narazılıqla qarşılanır”, - o əlavə edib.

Millət vəkilini sözlərinə görə, böyük Zəfərdən sonra Cənubi Qafqazda güclər balansı ciddi şəkildə dəyişdi:

“Müharibədən əvvəl istər regional, istərsə də ondan kənarda yerləşən, lakin regionda maraqları olan güclər birmənalı olaraq Azərbaycanın bütün sahələr üzrə Ermənistandan üstün olduğunu dərk etsələr də, buna maneə olmaq üçün də əllərindən gələni edirdilər. Bu baxımdan Hindistan da Ermənistanla münasibətləri gücləndirir. Məhz Hindistanın xarici işlər naziri ilk dəfə olaraq Vətən müharibəsindən 11 ay sonra, 2021-ci ilin oktyabrında Ermənistanda olması da bir daha bu fikrimi təsdiq edir”.

M. Cəfərov qeyd edib ki, rəsmi Dehlinin bu mövqeyinin arxasında təkcə Ermənistan sevgisi dayanmır, buna Pakistanla Azərbaycan münasibətlərinin daima yaxşı olması da səbəbdir. Lakin dövlətimiz dünyanın əksər ölkələriylə dostluq və əməkdaşlıq münasibətlərinə sahibdir.

“İndi də Azərbaycanın Hindistanla Pakistan arasında mövcud olan probleminin həll edilməsinə dair mövqeyində heç bir dəyişiklik olmayıb. Bundan öncə də Azərbaycanın Cammu və Kəşmirlə bağlı prinsipial mövqeyi bu problemin beynəlxalq hüququn norma və prinsiplərinə, həmçinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, habelə beynəlxalq humanitar hüquqa tam hörmətlə yanaşılmaqla sülh yolu ilə həllini dəstəkləyib. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Hikmət Hacıyev Hindistanın Azərbaycandakı səfiri ilə görüşdən sonra bu ölkə də beynəlxalq hüquqa əsaslanan dövlətimizə qarşı mövqeyindən imtina edəcək və qarşı tərəfi silahlandırmaq, sülhə maneə olmaqdan əl çəkəcəkdir”, - deputat vurğulayıb.

Rəşid Qarayev