Son zamanlar Qərb, o cümlədən ABŞ tərəfindən Minsk qrupunun fəaliyyətinin bərpası ilə bağlı bir sıra fikirlər səsləndirilir. Başqa mövzularda Rusiyaya əks mövqe bildirən Qərb, nədənsə Qarabağ məsələsində Azərbaycanın maraqlarına qarşı Kremllə sövdələşməyə hazır görünür. Ancaq Minsk qrupuna qarşı ictimai rəy mənfidir. Münaqişə bitdikdən sonra Qərb ölkələrinin bu məsələni yenidən qaldırmaqda məqsədir nədir?
“Heç kəsə sirr deyil ki, Qərb, Rusiya və Iran bir-birinə qarşı mübarizə aparan tərəflər olsa da Cənubi Qafqaz uğrunda gedən mübarizədə bəzən bu tərəflər bir araya gələrək Azərbaycanın və Türkiyənin güclənməsini istəmirlər”.
Bu fikirləri AzNews.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib.
“Ermənistanı açıq ya gizli formada dəstəkləyirlər. ATƏT-in Minsk qrupu yarandığı gündən sülh yolu ilə Ermənistan- Azərbaycan münqişəsini həll etmək mandatı verilsə də, təəssüflər olsun ki, heç bir irəliləyiş əldə edə bilmədilər. Əksinə regiona turistik səfərlər etdilər. BMT-nin dörd qətnaməsini Azərbaycan öz gücü hesabına reallaşdırdı. Qarabağ və Şərqi Zəngəzur torpaqlarını erməni silahlı birləşmələrindən təmizlədi. Xatırlayaq ki, 44 günlük Vətən müharibəsi bitdikdən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri cənab prezidentlə görüşmək istəmişdi. Cənab Prezident də görüşündə də bildirmişdi ki, görüşmək istəyən sizsiniz, nə sözünüzün olduğunu deyin. Cənab Prezident öz çıxışlarında qeyd edib ki, ATƏT-in Minsk qrupu artıq öz missiyasını başa vurub. Münqişə artıq yoxdur. Sadəcə proseslərin yekunlaşdırılması ilə əlaqədar danışıqlar həyata keçirilsin. Ermənistan Azərbaycan arasında imzalanmalı olan sülh müqaviləsinin imzalanması məsələsi qalıb. Bu prosesi də biz həm ABŞ, həm Avropa İttifaqı, həm də Rusiya moderatorluğunda keçirilən görüşlərdə həyata keçiririk”, - deyə o əlavə edib.
ATƏT-in Minsk qrupunun bərpasına ehtiyac olmadığını bildirən millət vəkili qeyd edib ki, bu qurumun həmsədrlərindən biri olan Fransanın açıq formada Ermənistanı dəstəkləməsi bu məsələdə müsbət nəticənin olmayacağını göstərir.
“Biz dəfələrlə bunun şahidi olmuşuq ki, Makron üçtərəfli görüşlərdə iştirak etdiyi zaman danışıqlar prosesinə çox böyük zərbə vurub. Danışıqlar prosesindən sonra Ermənistanın xeyrinə açıqlamalar verib. Bu da görüşdən sonra prosesə mənfi təsir göstərib. ABŞ tərəfindən belə fikirlərin səsləndirilməsi tamamilə başqa məqsədlərə xidmət edir. ATƏT-in Minsk qrupunun bərpa edilməsi faktiki olaraq prosesin daha da uzadılmasına gətirib çıxara bilər. Bunun üçün də bu addımı atmaq niyyətindədirlər. Burada da erməni mövqeyi gizli formada dəstəklənir”.
N. Həmzəyev onu da bildirib ki, həm Rusiyanın, həm Avropa İttifaqının, həm də Amerikanın moderatorluğu ilə keçirilən görüşlərin davam etdirilməsini dəstəkləyirik.
“Bu görüşlərdə müzakirə olunan bütün məsələlər eynidir. Bütün tərəflər də bu məsələ ilə bağlı məlumatlandırılır.
Biz uzun illər ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatlarının nümayəndələrinin regionlara səfər edərək guya sülh istəmələrini, bu rolu oyanamalarını görmək istəmirik. Biz konkret olaraq prosesin ən qısa zamanda yekunlaşmasını, separatçıların Azərbaycan ərazilərini tərk etməsini, sülh müqaviləsinin imzalanmasını, Zəngəzur dəhlizinin açılmasını, sərhədlərin delimitasiya-demarkasiyanını baş tutmasını istəyirik. Ən geci bu ilin sonuna qədər bu nəticəni əldə edə bilərik. 2025-ci ilə qədər bu proses yekunlaşmalıdır”.
Ayan Rzayeva