Azərbaycan bu kimi şoularla mövqeyindən əl çəkən deyil - Bəhruz Məhərrəmov

27 İyul 2023 21:56 (UTC+04:00)

Ermənistan baş naziri Nikol Paşinyan deyib ki, Azərbaycan istəyir ki, Qarabağ erməniləri acından ölsün.

“Paşinyan bu bəyanatı ilə göstərir ki, bölgədə davamlı sülh və sabitlik niyyətində deyillər. İlk imkanda təcavüzkar niyyətlərini həyata keçirirlər. Azərbaycan tərəfi Laçın sərhəd buraxılış məntəqəsi vasitəsilə istər daha təhlükəsiz, daha etibarlı və daha yaxın yol olan Ağdam-Xankəndi yolu ilə həmin ərazinin təminatının həyata keçirilməsi üçün imkanlar açıb. Mən düşünmürəm ki, burada təminat üçün xüsusi təcili tədbirlərə ehtiyac var. Çünki nümayiş etdirilən humanitar fəlakət şousu sadəcə Azərbaycan əleyhinə başlanmış kampaniyadır”.

Bunu mövzu ilə bağlı saytımıza danışan Milli məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, bu kampaniyada Avropa İttifaqının qanunsuz təxribatçı müşahidə missiyasından tutmuş ayrı-ayrı ölkələrin səfirliklərinə qədər hər biri iştirak edir.

“Eyni zamanda sülhməramlılar özləri də bu məsələdə tamamilə heç xoşa gəlməyən mövqe tutublar. Bütün bunlar Azərbaycana təzyiq cəhdləridir. Amma Azərbaycan bu kimi şoularla nə mövqeyindən, nə özünün beynəlxalq hüquqla, konstitusiyamızla, BMT nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndi ilə eyni zamanda digər beynəlxalq sənədlərlə tanınan suveren hüquqlarından əl çəkən deyil. Ən çətin məqamlarda belə, istər Vətən müharibəsində, istər ondan sonra BMT Təhlükəsizlik Şurasının Azərbaycana hücumları zamanı ölkə prezidenti mövqeyimizi necə qətiyyətlə qorudusa, bundan sonra da biz xalq, dövlət, ordu, birlik olaraq öz suverenliyinimizi, özümüzün haqlarımızı təmin edəcəyik”.

Deputatın sözlərinə görə, Qarabağın erməni əsilli sakinləri başa düşməlidir ki, bu gün Ermənistan da, havadarları da onları çirkab kimi istifadə edib atacaqlar.

“Onların "haqq-hüquqları" pərdəsi altında müxtəlif şoular qururlar. Əgər bu gün Qarabağda "humanitar böhran" varsa, onda 330-340 kilometr uzaqlıqdakı İrəvandan yox, cəmi 40-50 km kənardakı Bərdədən, Tərtərdən, Gəncədən yardım gətirilməsi və yaxud ora ilə ünsiyyətin qurulması daha doğru olmazmı? Demək ki, bunların məqsədləri tamamilə başqadır. Hər hansı humanitar fəlakətdən, çətin durumdan söhbət gedə bilməz. Bunlar sadəcə Azərbaycana qarşı başlanmış kampaniyadır və layiqli formada cavablarını alacaqlar”.

Rəşid Qarayev