Qubad İbadoğlunun həbs olunmasından günlər keçsə də, nə bir cümlə lehinə yazmışdım, nə də əleyhinə. Buna səbəb iqtisadçının qardaşı Qalib Toğrulun sosial şəbəkələrdə haqqımda yazmış olduğu hədyanlar idi. Bu da deyəsən ixtisasca iqtisadçıdır, ancaq deyəsən iki uzunqulağın arpasını bölə bilməyən iqtisadçılardandır. Bununla belə, Qalibi jurnalist fəaliyyəti göstərdiyi zamanlardan tanıyırdım, haqq-salamımız vardı. Heç zaman xatirinə dəyəcək bir hərəkət etməsəm də, bir də gördüm ki, aradakı bütün haqq-salamı tapdalayıb əleyhimə ağzına gələni yazır, ümumi tanışlarımızdan da kimsə qeyri-etik ifadələrini onun üzünə çırpıb dilini dinc yerinə qoymasını tövsiyyə etmir. Təsəvvür edirsiniz, bir qardaşı müxalifətin qaymağını yeyən, o biri deputat mandatı daşıyan, özü heç bir sahədə istedadına və intellektinə görə uğur qazanmamış biri dədə yurdlarını azad edən prezident İlham Əliyevi dəstəklədiyim üçün haqqımda qarayaxma kampaniyası aparır?!. Odur ki, Qubad İbadoğlunun həbsi barədə susmaqla onun üzündən qırmızı iftiraları qarşısında öz mənəvi böyüklüyümü göstərmək istəyirdim. Ancaq həyat bir daha sübut etdi ki, nadanlıq və həyasızlıq elə bir xislətdir ki, onun qarşısında əxlaqlı adamların susqunluğu yalanlara meydan açır. Odur ki, Qubad İbadoğlu barədə həqiqətləri cəmiyyətə ifadə etməyə xüsusi lüzum var.
Qubad İbadoğlu heç zaman müxalifət düşərgəsində söz sahibi olmayıb. O, 2003-cü ili qədər Müsavat Partiyasına yaxın QHT-lərə xaricdən ayrılan qrantların yağlı yerindən pay alırdı. Həmin il keçirilən seçkilərdə partiyanın başqanı İsa Qəmbərin hakimiyyətə gəlməsi üçün real mübarizə aparan müsavatçılar seçkilərdən sonra törətdikləri kütləvi iğtişaşa görə həbs olunsalar da, Qubad İbadoğlunun toyuğuna “kiş” deyən olmadı. Tam əkisnə, İsa Qəmbərin həmyerlisi o dövrdə mətbuatda səslənən iddialara görə, iqtidardakı müəyyən çevrələrlə anlaşıb Müsavatı parçalamaq üçün başqanlığa aday oldu. Müsavat başqanlığı uğrunda Arif Hacılıya uduzdu, ancaq iddiasını və hikkəsini boğa bilməyib Məmməd Əmin Rəsulzadənin qurduğu partiyada şəfbəyçilik etdi.
Qubad İbadoğlunun başqa bir qardaşı deputatdır- Vüqar Bayramov. Deputat olduğuna görə demirəm, qabiliyyətli və xoş rəftar insandır. Ancaq bir ailədə bir qardaş radikal müxalifət lideri olmaq iddiası sərgiləyir, başqa bir qardaş hakimiyyətin yaratdığı şəraitlə deputat mandatı qazanır, üçüncüsü, yuyulmamış çömçə kimi ortalıqda ehkam kəsirsə, deməli, o qardaşlar arasında şəxsi mənfəətlər ailə bağlarından üstündür. Şəxsi mənfəətin ailə dəyərlərindən önə keçdiyi mühit isə mütləq saxta simalar üzə çıxara bilər. Liberal-demokrat Qubad İbadoğlu haqqında üç-dörd cümlə tənqid, həm də sırf elmi səciyyə daşıyan tənqid yazmışdım, bir də baxdım məni Facebook siyahısından çıxarıb. Üç cümlə tənqidə dözümsüz yanaşan biri mənim üçün nə liberal ola bilər, nə demokrat, nə alim, nə də ziyalı.
Qubad İbadoğlunun həbsindən sonra onun müdafiəçiləri iki əsas tezis irəli sürürlər.
Birincisi, deyirlər ki, Qubad bəyləri iqtisadçı alımdir, professordur və onun Fətullah Gülən şəbəkəsi ilə bir əlaqəsi ola bilməz.
İbadoğlunun Fətullah Gülən şəbəkəsi ilə əlaqələrinin olması barədə iddialar Azərbaycandaki siyasi kluarlar üçün təzə söhbət deyil. Kim istəyirsə, 7 ay öncə “Turan” Partiyasının başqanı Cahandar Bayoğlunun onu Fətullah Gülən şəbəkəsi ilə əlaqələri barədə açıqlamalarını youtube-dən tapa və baxa bilər. Ancaq əsas məsələ bu deyil. Əsas məsələ odur ki, bu gün Türkiyədə akademik karyerası Qubad İbadoğludan qat-qar parlaq və dərin olan onlarla dosent, professor və digər elmi titul sahibləri məhz Fətullah Gülən şəbəkəsinin üzvü, simpatizanı, əlaltısı olduğu üçün həbsdə, yaxud axtarışdadır. Fətulah Gülən dəmirçilər, pinəçilər, dülgərlər sendikası yaratmamışdı ki, elmi fəaliyyətlə məşğul olanları öz cərgəsinə qatmasın. Tam əksinə, sözügedən şəbəkə bütün fəaliyyət sferalarını təsir altına almaq istəyirdi ki, dövləti ələ keçirə bilsin. Odur ki, müyyən reputasiyaya malik, iddialı, ancaq liderlik keyfiyyətləri və sosial bazası olmayan siyasətçiləri öz himayəsinə almaq tam da Fətullah Gülən şəbəkəsinin məntiqinə uyğun görünür. Ancaq Qubad İbadoğlunun Fətullah Gülən şəbəkəsi ilə əlaqələri varmı, varsa hansı səviyyədədir, hansı vədlər müqabilində və kimlərin vasitəsi ilə qurulub? Bu suala jurnalist araşdırması ilə cavab tapmaq mümkün deyil və bütün bunları hüquq-mühafizə orqanları araşdırmalıdır.
İkincisi, deyirlər ki, Qubad İbadoğlu necə saxta pul kəsə bilər. Məgər Qubad İbadoğluya irəli sürülən itiham saxta pul kəsmək barədədir? Kim belə danışırsa, ya Cinayət Məcəlləsinin 204.3.1 maddəsini yaxşı oxumayıb, ya da qəsdən ictimai rəyi çaşdırmağa çalışır. Həmin maddədə söhbət təkcə satış məqsədi ilə saxta pul hazırlamaqdan yox, həm də saxta pul əldə etməkdən və satmaqdan gedir. Özünə hörmət edən heç bir hüquqşünas irəli sürülən ittihamın nə qədər əsaslı və əsassız olması barədə fikir yürüdə bilməz. Çünki hüquq-mühafizə orqanları bir şəxsi saxlayır və məhkəmə onun haqqında həbs qətimkan tədbiri seçirsə, deməli müvafiq orqanın şübhələri üçün əsaslar var. Bu əsaslarla tanış olmadan, sübutların məhkəməyə təqdim olunmasını gözləmədən, məhkəmədə ittiham və müdafiə tərəfinin arqumentləri ilə tanış olmadan, hakim hökm verməmiş bir insanı cinayətkar elan etmək hüquqa zidd olduğu kimi, istintaqı ictimai-siyasi təzyiq altında saxlamaq da qanun pozuntusudur.
Qubad İbadoğlu bir ara guya partiya yaradırdı və təşkilatın başını buraxıb xaricdə işləməyə getdi. Nəticədə ADR formalaşa bilmədi, Qubad İbadoğlunun arxasınca gedən 5 min nəfər taplmadığından partiya özünü buraxdı. 5 min Azərbaycanın ümumi seçicilərinin təxminən 0,1 %-dir. Ölkədə seçicilərin 0,1 %-i arxasınca apara bilməyən, Müsavatdan qopardığı funksionerləri belə yanında saxlamağı bacarmayan birindən iqtidar niyə çəkinsin, niyə “ciddi rəqib” görsün? Qubad İbadoğlunun həbs olunmasını siyasi motivlərlə izah etməyin arxasında iki faktor dayanır.
Birinci amil troybalizmdir. Özünü “Milli Şura” adlandıran qurumun sədri Cəmil Həsənli ilə Qubad İbadoğlunu həmçinin troybalizm amili birləşdirir. Soruşa bilərsiniz ki, Cəmil Həsənli Biləsuvardan, Qubad İbadoğlu Füzulidəndir, nə əlaqəsi? Cəmil Həsənlinin və Qubad İbadoğlunun şəcərəsini bilənlər bu əlaqədən yaxşı agahdırlar, ancaq troybalizm mənim üçün o qədər səviyyəsiz mövzudur ki, bu barədə qoy özləri danışsınlar.
Növbəti amil, Azərbaycanda demokratiya və insan hüquqlarının pozulması barədə “arqument”lərlə silahlanıb Qarabağ məsələsində Azərbaycanın üstünə gəlmək istəyən qüvvələrlə bağlıdır. Bu gün hakimiyyətin arzulamadığı halda, xüsusi ittiham qaydasında məhkəməyə verilən, həbsi tələb olunan jurnalistlər, milli imzalar var. Bir xarici təşkilat, bir xarici səfirlik görmüsünüzmü ki, birinin məhkəməsinə gəlsin, yaxud barələrində bir bəyanat verilsin? Bizimkiləri keçdik, Ermənistanda Respublika Partiyasının sədr müavini Armen Aşotyan həbs olunmuşdu. Hansı xarici səfirlik, beynəlxalq təşkilat Aşotyan barəsində bəyanat yaydı, Ermənistan hakimiyyətini Armeni “dərhal azad etməyə” çağırdı? Yaxşı, bəs, Qubad İbadoğlunu Azərbaycandakı ABŞ, Britaniya və digər ölkələrin səfirlikləri üçün “gülməşəkər” edən nədir?
Bir daha deyirəm, bir ölkədə kimin suçlu olmasına qərar verəcək tək bir instansiya var- məhkəmə! Azərbaycanda nə hakimiyyətin digər qollarının, nə də ölkəmizdəki səfirliklərin və beynəlxalq təşkilatların məhkəmənin işinə müdaxilə etməyə ixtiyarı var. Həbs olunanın şəxsiyyətindən asılı olmayaraq siyasi hakimiyyətə “dərhal azad edin” çağırışı etmək insan haqlarına da, dövlətlərin müstəqilliyinə də, azad və ədalətli cəmiyyət idealına da ən böyük hörmətsizlikdir. Əgər Azərbaycanı hüquq dövləti kimi görmək istəyiriksə, hər kəs ilk növbədə məhkəmənin qərarına hörmət edəcək.
Taleh ŞAHSUVARLI