Bu günlərdə İrəvan mediasında qarşımıza çıxan əsas söz humanizmlə bağlıdır. Ermənilər beynəlxalq hüquqdan, insan haqlarından və humanizmdən elə şövqlə danışırlar ki, dünyada doğru anlayışının bağrı yarılır. Əgər Ağdamda, Füzulidə, Zəngilanda, Cəbrayılda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Şuşada törətdikləri vandallıqlardan danışsaydılar, 21-ci əsrə, müasir sivilizasiyaya ləkə olan barbarlıq əsərlərini “təhlil” etsəydilər, bəşəriyyət onların yerinə daha bir dəfə utanmaqla gələcəyə ibrətamiz mesaj vermiş olardı. İllər öncə elmi-fantastik bir filmə baxmışdım, adını unutmuşam. Filmdə belə epizod vardı. Adolf Hitler Almaniyada iqtidara gəldikdən sonra faşist rejiminin propoqanda apardığı radionun siqnalları yüz illər sonra kosmosa çatır və bizim planetin insanları uzaydakı toplumlar qarşısında xəcalət çəkir. Faşizmin ötən əsrin birinci yarısında bəşəriyyəti xəcil edən əməlləri erməni tsexокronizminin qarşısında xeyli sönük görsənir. Bütün bunlara görə bəşəriyyətdən və Azərbaycan xalqından üzr istəməyi, vurulan maddi ziyana görə təzminat ödəməyi ağlından keçirməyən erməniçilik hansı üzlə, hansı əsasla humanitar hüquqlardan danışır?

10 noyabr 2020-ci ildə imzalanmaqla 44 günlük müharibəni bitirinə Üçtərəfli Bəyanata əsasən Azərbaycan humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın dəhlizində hərəkətin təhlükəsizliyinə zəmanət verdi. Müharibə bitəndən lap bu yaxınlara qədər Laçın dəhlizi faktiki olaraq Azərbaycanın nəzarətindən kənar oldu. Bu müddət ərzində Ermənistan dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu eyninə almayıb işğalçı ordusunun qalıqlarını komplektləşdirmək üçün Qarabağa hərbiçilər, silah-sursat, 44 günlük savaşdan sonra istehsal olunmuş minalar göndərdi, Azərbaycan torpaqlarını talayan şirkətlərin çıxardığı faydalı qazıntıları daşıdı, Xankəndidəki xuntanın liderlərini İrəvana çağırıb siyasi şoular düzəltdi. Rəsmi Bakı bütün bunlara son qoymaq üçün öz suveren hüququndan istifadə edərək Laçında sərhəd buraxılış məntəqəsi quraşdırdı. Dövlət Sərhəd Xidməti aşkar etdi ki, bütün dünyada ən korrupsiyalaşmış beynəlxalq təşkilat olan Qırmıxı Xaç Cəmiyyəti Xankəndiyə “humanitar yardım” adı altında qaçaq mal daşıyırmış.

Rəsmi Bakının Xankəndi ilə bağlı kifayət qədər aydın və haqlıdır. Prezident Əliyev istər ölkə ictimaiyyəti ilə görüşlərində, istər maraqlı xarici dövlətlər qarşısında, istərsə də uluslararası tribunalardan dəfələrlə bəyan edib, Ermənistanın Baş naziri Nikol Paşinyan qarşısında dəfələrlə şərt qoyub ki, qanunsuz erməni birləşmələri Qarabağdan çıxarılmalı, Xankəndidəki xunta likvidasiya edilməli, torpaqlarımızda yaşayan mülki ermənilər Azərbaycan cəmiyyətinə re-inteqrasiya edilməlidir. Bu üç şərt gerçəkləşəcəyi təqdirdə Qarabağdakı erməni mənşəli əhalinin nə humanitar yardıma ehtiyacı olacaq, nə də Ermənistan da daxil olmaqla hər hansı xarici dövlətin himayəsinə. Ancaq Ermənistan hökumətinin başçısı sözdə Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanısa da, praktiki olaraq seperatizmi dəstəkləməkdə davam edir və bu dəstək üçün Rusiyadan, İrandan, ABŞ və Fransa kimi dövlətlərdən stimul alır. Bu da son nəticədə Qarabağdakı erməni mənşəli əhalini Xankəndidəki cinayətkar ünsürlər tərəfindən girovluqda saxlanılmasına rəvac verir. Belə olan təqdirdə isə, Azərbaycanın öz torpaqlarındakı qanunsuz hərbi birləşmələri ləğv etmək, çoxhakimiyyətliliyi aradan qaldırmaq və hüquqlarının təminatçısı olduğu mülki erməni əhalisini girovluqdan xilas etmək üçün hərbi güc tətbiq etməyi nəzərdən keçirməli olur.
Nikol Paşinyan Xankəndiyə “humanitar yük” göndərilməsinə təlimat verərkən çox yaxşı bilirdi ki, Azərbaycandan bunun üçün razılıq almayıb və 44 günlük müharibədə ölən erməni hərbiçilərinin cəsədlərini öz yük maşınlarında gizlədən “Spayka” şirkətinin konvoyu Laçın dəhlizindən keçə bilməyəcək. Bəs, bunu bildiyi halda, nədən Ermənistan əhalisinin kəskin ehtiyacı olduğu 360 tonluq ərzaqı Gorusun Goranzur kəndində iyləndirməyə, çürütməyə üstünlük verdi? Bu, axı kasıb Ermənistan üçün əməlli-başlı israfçılıqdır?!.

İlk baxışdan belə təəssürat yarana bilər ki, Goranzurda Ermənistanda fəaliyyət göstərən diplomatlara, beynəlxalq təşkilatların nümayəndələrinə teatrlaşdırılmış səhnələr nümayiş etdirməklə Nikol Paşinyan Azərbaycana təzyiq göstərməyə çalışır. Əlbəttə, bu məqsəd var, ancaq birinci sırada deyil. Nikol Paşinyan bir neçə ildir ki, beynəlxalq arenada Ermənistanı təmsil edir və bu müddətdə iki “fənn”i az-çox mənimsəyib. Birincisi, bizim dövlətimizin xarakterinə bələd olub və bilir ki, Azərbaycan siyasi manipulyasiyalar, anti-PR layihələri, Qərbin rüşvətxor siyasətçilərinin bəyanatları, o cümlədən axirətdəki ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin təhdidləri ilə öz milli maraqlarından bir addım da olsun geri çəkilməz. Digər yandan, “Sorosakan”ın Baş naziri onu da öyrənməmiş olmaz ki, Xankəndi və çevrəsindəki yaşayış məntəqələrinin blokadası və əhalinin humanitar problemlərlə üzləşməsi barədə apardıqları propoqandanın beynəlxalq hüquq müstəvisində qara qəpiklik dəyəri yoxdur. Ermənistan Azərbaycan torpaqlarını 30 il boyunca işğalda saxlamış və işğalçılıq siyasətini bu gün davam etdirən ölkə kimi Qarabağdakı seperatçılara göndərdiyi yüklər maddi təyinatından asılı olmayaraq “humanitar” sayıla bilməz.

Azərbaycan prezidenti Hikmət Hacıyevin açıqlamaları və Xarici İşlər Nazirliyinin bəyanatları ilə təsdiq olunur ki, rəsmi Bakı həm Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə Xankəndiyə humanitar yüklər çatdırmaq üçün Ağdam yolundan istifadə etməyi təklif edib, həm də Moskvada və Brüsseldə Qarabağdakı erməni mənşəli əhalinin ərzaq, geyim, tibbi ləvazimatlarla təminatı həll etməyə hazır olduğunu bildirib. Xankəndidəki seperatçılar isə İrəvanın, Parisin, Moskvanın, Tehranın və daha Allah bilir haranın təlimatı ilə həm BQXC-nin sözügedən marşrutdan istifadə etməklə çatdıracağı yardımlardan imtina edir, həm də Azərbaycan dövlətinin humanist yanaşmasına pəl vurmağa çalışır. Beynəlxalq hüquq deyir ki, heç bir halda və heç bir bəhanə ilə münaqişə zonasında hakimiyyəti ələ almış hərbi qruplar humanitar yardıma ehtiyacı olan əhaliyə həmin yüklərin çatdırılması əngəllənə bilməz. Beynəlxalq hüququnun bu tələbini İrəvana, Xankəndidəki xuntanın liderlərinə xatırlatmaq əvəzinə, Avropa Birliyinin nümayəndələri nədən bölgəyə davamlı sülhün gəlməsinə maneçilik törədirlər, anlaşılan deyil. Ancaq bu nüans da Nikol Paşinyanın gerçək məqsədini deşifrə etmək üçün ipucu verir.

Qərbin Azərbaycanı Rusiya ilə qarşıdurmaya sövq etmək istəyi məlum faktdır. Rusiyanın Ukraynanın torpaqlarını işğal etməsi fonunda Kreml üçün əlavə cəbhələrin açılması ABŞ və Avropa Birliyinin ən böyük arzularındadır. Azərbaycanın Laçında Ermənistanla şərti sərhədinin giriş nöqtəsində sərhəd buraxılış məntəqəsi quraşdırması həm də sülhməramlı kontingenti Üçtərəfli Bəyanata əsasən üzərinə götürdüyü mandata uyğun hərəkət eməyən Rusiyaya göstərilən “sarı kart” idi. Biz istər rəsmi, istərsə də ictimai kanallarla tez-tez Rusiyaya sülhməramlı kontingentinin Qarabağda müvəqqəti yerləşdiyini xatırladırıq və bunda sonuna qədər haqlıyıq. Ancaq Rusiya bölgədə ən azı daha beş il qalmağı düşünür və bunun üçün də Ermənistanın işğalçı qoşunlarının qalıqlarının demilitarizasiyasına, Xankəndidəki cinayətkar xuntanın öz mövcudluğunu davam etdirməsində maraqlı olduğunu nümayiş etdirir. Rəsmi Bakı və Kreml arasındakı maraqlar toqquşması latent fazadadır. Gədəbəyin Söyüdlü kəndindəki problemlərdən sui-istifadə edən daş-qalaqçıların Rusiyadan yönləndirilməsini bir kənara qoysaq, tərəflər hələ ki təmkinlə davranır. Nikol Paşinyan bu təmkinli münasibətləri pozmaq və qırmızı cizgiləri keçmədən uzlaşma imkanlarının mövcud olduğu şəraiti emosional baxımdan gərginləşdirməklə Azərbaycanla Rusiyanın arasında nifaq çıxarmaq istəyir. Üstəlik, bütün bunları NABUKKO layihəsi ilə bağlı diplomatik təşəbbüslərin genişləndiyi bir zamanda edir. Əlbəttə, bu planı pozmaq üçün Azərbaycan diplomatiyası kifayət qədər təcrübəlidir, Rusiya isə Paşinyanın dabbaqda gönünə bələddir. Ermənistan Kreml üçün çoxdan çürük və qulpuqırıq maşadır. Gorusda taMAŞA göstərənlər bilsinlər, Ağdam-Xankəndi yolu açılmalıdır və açılacaq.
Taleh ŞAHSUVARLI