Son günlər ermənilərin ölkəmizə qarşı başlatdığı qarayaxma kampaniyasının predmetinə dəyişiklik edilib. İndi də “humanitar fəlakət” şousuna “pulsuz biletlər satılıb”. İndi də monipulyasiya alətinə çevirdikləri mövzu Laçın yolu əvəzinə Ağdam-Əsgəran yolundan istifadə ilə bağlı təklifdir. Bu təklif haylarda əməlli başlı xof yaradıb.
İlk olaraq, Qarabağdakı erməni separatçılarının tör-töküntüləri təklif səsləndirilən kimi dərhal Rusiya sülhməramlılarının dəstəyi ilə yolu beton plitələrlə bağlayaraq bir ovuc hayın orada aksiya keçirməsinə nail oldular. Amma Azərbaycanın dəyişməz mövqeyi ilə üzləşdikdən sonra erməni siyasi dairələri tərəfindən müxtəlif addımlar atılmağa başlandı. İlk olaraq, 19 maşından ibarət yük karvanı əvvəlcə Gorusa, oradan da Laçın yoluna istiqamət aldı. Bununla erməni tərəfi Ağdam yolundan istifadə etməyəcəklərini, Qarabağ erməniləri ilə əlaqənin Laçın yolu ilə həyata keçirilməsini istədiklərini açıq-aşkar bildirməyə başladılar. Başlayan həm də təbliğat maşını oldu. Erməni KİV-ləri “ağlaşmalarla” bəzəndi. Aksiyanı təkcə Laçın yolunda etməyiblər, kampaniyalarının coğrafiyasını biraz daha genişləndiriblər. Erməni diasporu Brüsseldə Avropa Şurasının binası önündə Laçın postunun açılması məqsədilə aksiya keçirib, diqqəti “Qarabağda humanitar fəlakət var” iddialarına çəkməyə çalışıb.
Niyə etdiklərinin səbəbi isə çox aydındır. Təklif edilən yoldan istifadə Qarabağdakı erməni icmasının inteqrasiya prosesində atılan ilk addımdır. Lakin belə olacağını onlar gözləmirdimi? Əlbəttə ki, Paşinyan kapitulyasiya bayrağını qaldıranda gələcəkləri məlum idi. Sadəcə “saman çöpündən yapışmağa” hələ də davam edirlər. Üstəlik, erməni siyasi dairələri prosesi baltalamaq, ləngitmək üçün aktiv fəaliyyətə keçiblər. Bu fəaliyyətdə dəstəkçiləri də az deyil. Rusiya Moskva görüşündə hər nə qədər Mirzoyanın təkliflərinə etinasız yanaşmış kimi görünsə də, görünür, görüşdən dərhal sonra praktiki addımlar atmaq qərarına gəlib. İranın da bugünə qədər tutduğu mövqe və üstəlik aksiyadan bir neçə gün öncə Mirzoyanın “ikinci vətəninə” - Tehrana səfərini də gözardı etmək olmaz. Təzəlikdə üçüncü havadar da peyda olub. “Ələkçinin qıl verəni” indi də Hindistandır. Təsadüfi deyil ki, Papukyanın Hindistan səfəri və 270 milyon dollarlıq silah tədarükün əhatə edən anlaşma imzalandıqdan sonra ermənilər sanki daha çox cəsarətləniblər.
Uzun sözün kəsəsi, üzdəniraqlar hələ də “suverenlik” anlayışının mənasını öyrənə bilməyiblər. Suverenlik yalnız sərhəd toxunulmazlığı deyil, həm də, həmin sərhədlər daxilində legitim hakimiyyətin qanunvericilik çərçivəsində istənilən addımı atmaq sərbəstliyidir. Biz öz suveren ərazimizdən başqa bir ölkəyə keçidi niyə təmin etməliyik? O boyda BMT Nizamnaməsi, Helsinki Yekun Aktı istəklərinizi ehtiva etmir axı. Hələ Jan Bodenin, Tomas Hobbsun, Con Lokkun 30 ildir narahat olan ruhunu demirəm..Əgər tələbiniz ermənilərin haqq və təhlükəsizliyi məsələsidirsə, bunu sizdən öyrənəcək deyilik ki. Haqq və təhlükəsizlikdən heç bir vətəndaşımız əziyyət çəkmədiyi kimi ermənilər də əziyyət çəkməyəcək. “Humanitar böhran” deyirsizsə, o da mümkünsüzdür. Biz ki ermənilərin tədarükünün qarşısını almırıq, əksinə bu tədarükü özümüz təmin edəcəyik deyirik. Bax burda əsl dərdinizin ermənilərin haqqları olmadığı üzə çıxır.
Dərdləri həm də Azərbaycanla Rusiyanı üz-üzə qoymaqdır. “Humanitar yük” sərhədə çatıb və erməni tərəfi Rusiya sülhməramlılarından cavab çıxana qədər gözləyəcəklərini bəyan ediblər. Bir tərəfdən Ağdam yolu ilə bağlı Qərbi və Azərbaycanı ittiham edən erməni tərəfinin burada yenidən Rusiyaya tərəf üz tutması hansı planın hərəkətə keçirildiyindən xəbər verir. Çox yaxşı anlayırlar ki, yeni yol re-inteqrasiyanın başlanğıcı olduğu üçün Moskvanın çox da istəklərinə uyğun deyil. Artıq qondarma rejim daxilində də yolu qəbul edənlər və etməyənlər parçalanması yaşanır. Separatçı birləşmələrin bir müddət baş komandanı olmuş Samvel Babayan və özünü separatçı rejimin parlament spikeri sayan, “niyəsə” istefaya göndərilən Artur Tovmasyan yeni yolu dəstəkləyənlər arasındadır. Əlbəttə ki, ermənilərin bundan sonra rahat güzəran yaşayacaqlarını anladıqları üçün deyil. Hələ ki, president İlham Əliyevin hələ ki qüvvədə olan amnistiya təklifinin icmayla görüş təklifi kimi yaxında qüvvədən düşəcəyini çox yaxşı bildikləri üçündür.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin də dediyi kimi, oyun bitmək üzrədir!
Züriyə Qarayeva