Surət Hüseynov üzərindən qurulan əsas plan

31 İyul 2023 22:55 (UTC+04:00)

Surət Hüseynovun ölümü ilə 4 iyun 1993-cü il hadisələri yenidən gündəmə gəldi. Həmin olayların qısa məğzi belədir:
x. Əgər hər hansı hərbi hissə əmr-komanda zəncirindən çıxır, Ali Baş Komandana tabe olmur və siyasi tələblər irəli sürürsə, bunun adı qiyamdır.
x. Qiyam qaldıran hərbi hissəni ləğv etmək üçün Elçibəy hakimiyyətinin təmsilçilərinin hazırladığı əməliyyat iflasa uğramışdı və buna görə, həmin əməliyyatın icrasına məsul olanlar da ən azı siyasi məsuliyyət daşıyır.
x. Surət Hüseynov, Rəhim Qazıyev, Əlikram Hümbətov, Yaqub Məmmədov, Araz Əlizadə və digərləri 1993-cü ildə Ali Soveti toplamaqla Ayaz Mütəllibovu yenidən prezident etmək istəyirdilər. Bu zaman Surət Hüseynov Baş nazir, güc strukturlarını özünə tabe etdirmiş Rəhim Qazıyev dövlət katibi olacaqdı. Rusiyanın planı bu idi.
x. Elçibəy hakimiyyətinin içində Elçibəyi bir müddət vəzifəsində qalmasını, ancaq ilk fürsətdə dəyişməyi arzulayan qruplar vardı.
x. Surət Hüseynov AMİP sədrinin iştirak etdiyi iqtidar təmsilçiləri tərəfindən təşkil olunmuş bağ ziyafətlərinin birində təklif edir ki, prezident Elçibəy Etibar Məmmədovu Baş nazir təyin etsin. Bundan sonra dönəminin iqtidarında Elçibəyə müvəqqəti prezident kimi baxanlar Surət Hüseynovu "ələ almaq" taktikasına son qoyurlar, yenidən qarşıdurma yaranır.
x. 1993-cü ildə AMİP-in və Etibar Məmmədovun iqtidara götürməyə, götürsə belə, saxlamağa yetərli gücü olmayıb. Etibar Məmmədov bir tərəfdən Elçibəyi müvəqqəti prezident hesab edənləri hədəfə alıb, digər tərəfdən Ali Sovetin toplanmasına imkan verməyib ki, iqtidarda pay sahibi olsun. Ancaq Əbülfəz Elçibəyin Bakını tərk etməsi bu planın gerçəkləşməsinə imkan verməyib.
x. Həmin dövrdə həm xalq arasındakı nüfuzuna, həm Azərbaycanı dağılmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas etmək bacarığına, həm də iqtidarı saxlamaq səriştəsinə görə yeganə lider Heydər Əliyev olub və zaman sübut edir ki, məhz onun hakimiyyətə gəlişi ilə DÖVLƏT ola bilmişik.
Allah Surət Hüseynova rəhmət edər, etməz, özü bilər, Xudavəndi-aləmin işinə qarışmaq istəmirəm. Amma Azərbaycan dövlətçiliyinə qarşı çıxan, İranın, Rusiyanın, ABŞ-ın, onun-bunun əlində alət olan istənilən şəxsin nə dirisinə, nə ölüsünə mənim hər hansı sayğım ola bilməz.

T.Şahsuvarlı