Tanınmış jurnalist, politoloq Vüsal Məmmədovun övladı Avropa liseyinin 1-ci sinfinə qəbul olunmaq üçün imtahan verərkən əcaib bir sualla rastlaşıb. Mənim fikrimcə, qızcığaz suala normal cavab verib. Amma lisey bu cavabı qəbul etməyib və uşağın könlünü qırıb. Qızcığaz nə bilsin ki, testi hazırlayanlar bu suala nə cavab fikirləşiblər və ya fikirləşiblərmi?
Amma sual mənə çox maraqlı gəldi. Düz bir həftədir ki, bu suala cavab axtarıram, bəlkə də yüz cavab tapmışam, amma hansının düz olduğu qənaətinə gələ bilməmişəm. Əlli ilin yazıçı və jurnalisti bu suala cavab tapa bilməmişəmsə, 7 yaşlı bir uşağın cavab tapması möcüzə olardı. Amma tapdığım bir cavabı yazım. İnsanlar işıq saçsa nə olardı?
Avropa liseyinin bütün qaranlıq mətləbləri üzə çıxardı. Və insanlar da boğazlarından kəsib külli miqdarda pul verib övladlarını belə lisey və liseylərə qoymazdı.
Vüsal, dostum, sən də bunu ürəyinə çox salma. Bakıda o qədər gözəl məktəblər var ki, apar övladını qoy onların birinə. Liseyə verəcəyin pula da bir maşın al, uşaq Bakı Nəqliyyat Agentliyinin basabas və gecikən avtobuslarında dərsə getməsin.
Əvvəllər adamlar övladlarını ali məktəbə düzəltmək üçün «dayday» axtarırdılar, indi 1-ci sinifə düzəltmək üçün «dayday» axtarırlar. Çox inkişaf etmişik, hələ mən bağçaları demirəm.
Yeri gəlmişkən. 1-ci sinifə qəbul vaxtı məktəb direktoru uşaqlara belə bir sual verir ki, yarpaq nə rəngdə olur? Təbii ki, uşaqlar da deyir yaşıl. Direktor bu cavabları qəbul etmir. Axırda ağıllı bir vunderkind uşaq çıxır və deyir:
- Müəllim, siz hansı fəslin yarpağının rəngini soruşursuz?
Direktor deyir:
- Qışın.
Uşaq:
- Müəllim, qışda ağacda yarpaq olmur.
Müəllim uşağı kəsmək üçün deyir:
- Bəs, yolka?
Uşaq:
- Müəllim, o bizim ağac deyil, rus ağacıdı. Yenə zeytun desəydiniz olardı.
Aqil Abbas