“Qarabağ” bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxacaq. Ağdam təmsilçisi bu gün evdə Polşa “Rakuv”u ilə qarşılaşacaq. Ötən həftə Polşada keçirilən oyunda 3:2 hesabı ilə “ Rakuv” qalib gəlmişdi.
“Çətin oyun olacağı gözlənilir. Çünki məğlubiyyətdən sonra komandanın cavab oyununa çıxması asan başa gəlmir”.
Bu sözləri AzNews.az-a açıqlamasında futbol şərhçisi Sənan Şəfizadə bildirib.
“Amma unutmaq olmaz ki, “Qarabağ”ın kifayət qədər təcrübəsi var. Hesab edirəm ki,”Qarabağ” “Rakuv”dan güclü olduğunu ilk oyunda göstərdi. Sadəcə gözlənilməz səhvlər nəticəsində komanda üstünlüyü qoruya bilmədi. Zənnimcə, cavab matçında komanda evdə daha rahat oynamağa çalışacaq”, - deyə o əlavə edib.
S. Şəfizadə onu da qeyd edib ki, “Qarabağ”ın lazımı nəticəni qazanacağına və növbəti mərhələyə vəsiqə əldə edəcəyinə inanır: "Futbolda 100 faiz proqnoz vermək mümkün deyil, amma fikrimcə, “Qarabağ” Polşa klubu üzərində çempionluğunu uğurla davam etdirəcək”.
Ayan Rzayeva