Əliyevin “Euronews”a müsahibəsində dedikləri Rusiya və Qərbə ünvanlanıb - Politoloq

2 Avqust 2023 17:04 (UTC+04:00)

"Əliyevin “Euronews”a müsahibəsində danışıqlar haqda dediyi “prosesin kimin tərəfdən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Vacib olanı nəticəyə gəlməkdir” sözləri Rusiya və Qərbə ünvanlanıb: Bakı iki cəbhənin vasitəçilik uğrunda apardığı mübarizənin tərəfi deyil, hansı tərəf önə çıxacaqsa, onunla işləyəcək".

Bu sözləri Aznews.az-a açıqlamasında politoloq Asif Nərimanlı bildirib. O qeyd edib ki, Qərb və Rusiya arasında danışıqlar prosesini inhisara almaq uğrunda mübarizənin getdiyi sirr deyil: "Ukrayna müharibəsinə qədər Rusiyanın inhisarı daha güclü idi, daha sonra Qərbin aktivliyi müəyyən balansın yaranması ilə nəticələndi. Hazırda Qərbin vasitəçiliyi daha ön plana çıxıb. Lakin proseslərin inkişafına uyğun balansın yenidən pozulması da mümkündür".

A. Nərimanlı əlavə edib ki, burada dəyişməyən məsələ hansı cəbhənin önə çıxmasından asılı olmayaraq, masada Bakının gündəliyinin ağırlıq təşkil etməsidir: "Əliyevin əsas fəaliyyəti də hansısa cəbhəyə üstünlük verməkdən daha çox, gündəliyin qorunub saxlanılması və nəticənin əldə edilməsinə yönəlib".