Xarici nömrələrdən gələn iş təklifləri: Dələduzluq hallarından necə qorunaq?

3 Avqust 2023 17:20 (UTC+04:00)

Son zamanlar xarici nömrələrlərdən insanlara ya zəng ya da mesaj yazırlar. Bu məqsədlə qarşı tərəf guya insanlafra iş təklifi edir. Nəticədə insanların bank kartlarından olan məvacibləri ələ keçirirlər. Dələduzların bu əməllərinin qarşısını almaq üçün hansıə tədbirlər görülməlidir? İnsanların maarifləndirilməsi üçün nə etmək lazımdır?

Mövzu ilə bağlı AzNews.az-a açıqlama verən İnformasiya Texnologiyaları mütəxəssisi Elvin Abbasov bildirib ki, bu hallarla insanlar son zamanlar çox rastlaşır.

“Hazırda xarici nömrələrlə, insanlara zənglər gəlir. Daha çox Amerika nömrələri ilə əlaqə saxlayırlar. Buna səbəb odur ki,orada bu tip saxta nömrələri əldə etmək asandır. Maraqlısı odur ki, bir çox hallarda Amerika nömrələri ilə zəng edib rusca danışırlar. Bu da əslində bir həmlə sayılır. Azərbaycanda əksəriyyət rus dilini bildiyinə görə məhz bu dildə danışaraq cəhd edirlər”, - İT mütəxəssisi əlavə edib.

Bunun dələduzluq faktı olduğunu bildirən mütəxəssis onu da qeyd edib ki, insanların bu kimi halların qarşısını almaq üçün heç bir innovativ vasitə, proqram təminatı yoxdur.

“Qarşı tərəfdə danışan insandır, proqram deyil. Bu şəxslərin beynində ssenari var və onun vasitəsi ilə insanları aldatmağa çalışırlar. İnsanların bank məlumatlarını əldə etmək üçün əllərindən gələni edirlər. Bu mövzuda insanlar sadəcə diqqətli olmalıdırlar. İnsanlar başa düşməlidirlər ki, pul qazanmaq bu qədər asan deyil. Dünyanın hər bir yerində pul qazanmaq asan məsələ deyil. Bu yolla insanları asan şirnikləndirmək həqiqətən təəccüblüdür. Bəzən Azərbaycanda yerli qurumlar da kibertəhlükəsizliklə bağlı çətinlik yaşayırlar. Qazanclarından asılı olmayaraq bu problemin qurbanına çevrilirlər. İnsana qarşı proqram təminatı istifadə edilə bilməz. Bu kimi insanlara qarşı ancaq bilik, diqqət, maariflənmə bizə kömək edə bilər”.

Ayan Rzayeva