Abituriyentləri intihara sürükləyən səbəblər: "Təhsil almaq gözəldir, amma zərurət deyil" - Psixoloq

7 Avqust 2023 23:37 (UTC+04:00)

Hamıya məlumdur ki, hər il qəbul imtahanından sonra bəzi abituriyentlər psixoloji sarsıntı keçirir. Buna səbəb də onlara ailədə olunan təzyiqlərdir. Məhz bu səbəbdən tez-tez ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin intihar edərək həyatlarına son qoyduğunun xəbərlərini eşidirik.

"Valideyn təzyiqi elə bir emosional stress vəziyyətidir ki, həmin anda valideynlər övladları üzərində şiddətli şəkildə psixi təzyiq göstərirlər. Bu adətən, övladların akademik göstəriciləri ilə bağlı olur və yeniyetməlik dövrünə təsadüf edir. Yeniyetməlik dövrü psixoloji olaraq onsuz da şagird üçün yetərincə çətin bir dövrdür".

Bu sözləri AzNews.az-a açıqlamasında psixoloq Dilbər Bəhmənli bildirib.

Psixoloq bildirib ki, belə bir vəziyyətdə yetərincə həssas və çətin dönəmdən keçən şagirdlər bir də valideyni tərəfindən psixoloji və ya fiziki şiddətə məruz qalırsa, bu yeniyetmənin psixi sağlamlığına öz mənfi təsirini göstərəcək.

"Valideynlər, adətən, düşünürlər ki, bu tip təzyiqlərlə övladlarını düzgün şəkildə tərbiyə edəcək və düzgün gələcək qurmalarına səbəb olacaqlar.Məsələyə psixoloji aspektdən baxsaq valideynlərin hansı psixi və emosional vəziyyətlə bu tip davranışlar sərgilədiyini görə bilərik.Valideynlər övladlarının hər kəsdən üstün olmasını istəyirlər. Çünki öz dəyərsizliklərini və ya natamamlıq hisslərini özünün bir parçası olaraq gördükləri övlad vasitəsilə tamamlamağa çalışırlar. Bəziləri həyatı boyu özlərini başqaları ilə müqayisə edib və əksik hiss ediblər. Öz arzularını onların üzərində reallaşdırmaq istəyirlər. Ən doğrusunun bu olduğunu düşünürlər, lakin bunun artıq onların həyatının olmadığını qəbul edə bilmirlər. Hər daim uğur qazanmasını istəyirlər. Çünki artıq uğursuzluq onlara vahimə kimi gəlir və onların bacara bilmədiyi şeyləri övladlarından gözləyirlər. Onların sözlərindən çıxmamasını və hər zaman atdıqları addımda onlarla məsləhətləşməklərini gözləyirlər".

Psixoloq bildirib ki, psixoloji şiddət göstərən valideynlərin özü də vaxtı ilə bu davranışlarla rastlaşıblar.

"Zamanında onlara da söz hüququ verilməyib, seçim şansları olmayıb. Hər daim kiminsə sözünü dinləmək ona tabe olmaq məcburiyyətində qalıblar və valideyn modelinin bu şəkildə olduğunu qavrayıblar.

Ən sadə dincəlməyi belə bəzən tənbəllik kimi qəbul edir və beş dəqiqə fasiləni belə itki hesab edirlər. Bütün günü "övladına dərs oxu, niyə aşağı qiymət aldın, filankəs niyə səndən yuxarı qiymət aldı" kimi fikirlər səsləndirərək övladlarını psixoloji şiddətə məruz qoyurlar. Qapını bağlayıb içəri qapatmaq və s. hallarında övladlarında bir çox növbəti psixoloji problemlərə yol açırlar. Təşviş pozuntularına (Fobia, Panik pozuntu və s. kimi) gətirib çıxara bilər.

Övladlarının yaxşı peşəyə sahib olub onları gələcəkdə saxlamasını gözləyirlər. İndiyə qədər mən onu saxladım, böyüyəndə də o məni saxlasın prinsipi ilə yaşayırlar. Bu tip valideynlər isə rol və rolların veriyi funksiyalarla yaşayan valideynlərdir.Övladlarına qarşı yüksək standartlar və məsuliyyətlər yükləyirlər. Məsələn, şagird bir fənni sevmədiyi halda etməlisən, bacarmalısan məsuliyyəti yüklənir. Bəzən də bu məsuliyyət o qədər aşılanır və adəti hal alır ki, hər daim hər şeyi mükəmməl etmək halını alır, özünə və insanlara qarşı qatı stadartlar formalaşır. Bu da öz növbəsində Obsessiv Kompulsiv Şəxsiyyət Pozuntusuna gətirib çıxara bilir.

Hətta dərslərini oxumadıqları halda fiziki və psixoloji şiddət belə göstərirlər. Çünki özləri də valideynləri tərəfindən bu cəzalandırmanı miras alıblar”.

Ekspert onu da qeyd edib ki , valideynlər hər kəs təhsil almaq məcburiyyətində olmadığını bilməlidir.

"Kimisi akademik sahədə, kimisi incəsənət sahəsində, kimisi idmanda və s. daha uğurlu ola bilər. Onların zəif cəhətlərini aradan qaldırmaq yerinə, güclü cəhətlərini inkişaf etdirsək həyatda daha çox uğur qazanmalarına səbəb olarıq. Bəlkə övladınız dünyanın ən yaxşı musiqiçisi, ən yaxşı rəssamı olacaq bir gün. Niyə onlara öz xəyallarını reallaşdırmaq imkanı verməyək. Axı sizin də zamanında xəyallarınıza mane olublar. onları hər kəsdən daha yaxşı anlamalıdırlar. İntihar (Suisid) depressiyanın əlamətlərindən biridir. Depressiyada olan şəxslər intihara meyilli olur və intihar düşüncələri daşıyırlar. Bu birinci növbədə cəmiyyətin məsuliyyətidir. Təəssüflər olsun ki, televiziya kanallarında maarifləndirmə xarakterli verilişlər çox azdır və ya yoxdur. Cəmiyyətdə daim psixoloji maarifləndirmələr aparılmalıdır. Valideynlər psixoloji təzyiqlərin nəticələri haqqında məlumatlı olmalıdırlar. Bəzi valideynlər yedirirəm, içirirəm, övladım nankordur, bir dərs oxu deyirəm onu da etmir tərzində cümlələr quraraq övladlarına psixoloji şiddət və mənəvi məsuliyyət yükləyirlər. Cəmiyyətdə insan kəlimələrinin gücü və hansı nəticələrə gətirməsi barədə məlumat azdır. Bu situasiyada özünü günahkar hiss edən övlad valideyn qarşışında utanır və intihara cəhd edir. Və ya imtahandan kəsilsən evə gəlmə şəklində anlıq əsəbin qurbanı da yenə məhz yeniyetmələr olur. Valideynlər övladlarına ilk növbədə şəxsiyyət kimi yanaşmağı öyrənməlidirlər. Şəxsiyyət kimi yanaşmaq yedirib, içirib, geyindirmək deyil, əziz valideynlər. Evdə söz hüququ verin. Bəzi valideynlər övladlarının bütün yediyinə, içdiyinə, geyindiyinə hər şeyə özləri qərar verirlər. Belə yeniyetmə təbii ki, özünü şəxsiyyət və cəmiyyətin sağlam üzvü kimi hiss edib sizin fəxr edəcəyiniz o şəxsə çevrilməyəcək, əksinə kimdənsə asılı olan, sözünü deyə bilməyən, öz fikri olmayan, həyatda məqsədi olmayan, etdiyi hər şeydə kimdənsə təsdiq gözləyən asılı və çəkingən birinə çevriləcək. Həyat təhsildən ibarət deyil. Təhsil almadan da kifayət qədər uğur qazanan insanlar var. Təhsil almaq gözəldir, amma zərurət deyil”.

Ayan Rzayeva

QEYD: Məqalə uşaq və gənclərin fiziki və mənəvi inkişafı sahəsi üzrə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.