Siqaretin qiymətinin artmasına səbəb nədir?

7 Avqust 2023 22:44 (UTC+04:00)

Bu gündən etibarən Azərbaycanda bütün siqaretlərin qiyməti bahalaşıb. Belə ki, bəzi siqaretlərin qiymətində 10, bəzilərində isə 20 qəpik bahalaşma müşahidə olunur. Tütün məhsullarında artıma səbəb nədir, artım siqaretin qiymətinin qalxması istifadəçilərinin sayını azaltmaq üçün nəzərdə tutulub?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli AzNews.az-a açıqlamasında bildirib ki, Azərbaycanda son bir neçə ildə bu artıq tütün məhsullarında beşinci qiymət artımıdır.

"Dünyanın hər yerində hökumətlər aksiz dərəcələrini, vergiləri qaldırmaqla tütün məmulatlarının qiymətini bahalaşdırmağa daha rahat üstünlük verirlər. Çünki sosial bir əhəmiyyəti olmadığı üçün hökumətlər tez-tez vergi və gömrük, aksiz dərəcələrini qaldıraraq tütün məmulatları və alkoqollu içkilərin qiymətinin artmasına səbəb olurlar. Bizdə də neçənci dəfədir ki, ard-arda bu baş verir. Son bir neçə ildə baş verməsinə əsas səbəb aksiz dərəcələrinin artırılmasıdır. Bundan öncə qərar verilmişdi ki, avqust ayında növbəti dəfə artırılacaq. Yəqin ki, aksiz dərəcələri artdıqca vergi yükü də artdı, biz də indi bunu müşahidə edirik".

Ekspert onu da qeyd edib ki, burada etiraz etməyə imkan yoxdur.

"Çünki siqaret sosial məhsul olmadığına görə qiyməti nədən qalxır deyə buna etiraz etmək də olmur. Çünki hökumət həm də bunu sağlam həyat tərzinin təşviqi ilə izah edir. Amma problem nədədir? Problem odur ki, başqa ölkələrin təcrübəsinə baxanda görürük ki, tütün məmulatları qonşu ölkələrdən çox baha olanda həmin ölkəyə qonşu ölkələrdən qaçaqmalçılıq yolu ilə tütün məmulatlarının keçirilməsi, gətirilməsi artır. Bu təhlükə indi də mövcuddur. Yəni Azərbaycan hökuməti qıraq ölkələrin qiymət siyasətini nəzərə almadan bu addımı atırsa, bir müddətdən sonra Azərbaycanda qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretlərin həcmi arta bilər. Bu məsələ əks effekt doğurur".

Ayan Rzayeva