Qarabağdakı separatçılara “liderlik” edən Arayik Arutyunyan Rusiya prezidenti Vladimir Putindən şikayətlənib. O bildirib ki,Rusiya prezidenti Vladimir Putin göndərdiyi çoxsaylı məktublara, müraciətlərə məhəl qoymayıb, bir sözlə, onu əbədiyyən xəttə saxlayıb. Arutyunyan onu da qeyd edib ki, bizim vəziyyətimizlə bağlı heç bir irəliləyiş olmayıb.
Mövzu ilə bağlı AzNews.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Arayik Arutyunyanın Rusiya Prezidenti Vladimir Putindən şikayətlənməsi gülünc bir o qədər də məntiqsiz davranışdır.
"Məsələ ondadır ki, Arayik Arutyunyanı və onun “rəhbəri” olduğu “subyekti” heç bir ölkə tanımır. Heç Ermənistan belə bu günə qədər “Arsaxın” müstəqilliyini tanımayıb. Belə olan təqdirdə Arutyunyanın Putindən şikayətlənməsi məntiqsizdir.Görünür, Arutyunyan bir neçə dəfə Fransaya səfər etməklə, xarici mediaya açıqlamalar verməklə özünü həqiqətən dövlət başçısı hesab edir. Amma həqiqət ondan ibarətdir ki, o, Rusiya prezidentinin gözündə federasiyanın ən kiçik subyektinin kənd rəhbərindən də aşağı səviyyədədir. O ki qaldı Arutyunyanın “bizim vəziyyətimizlə bağlı heç bir irəliləyiş olmayıb” sözlərinə deyə bilərəm ki, bu hələ separatçıların yaxşı günləridir. Rəsmi Bakı haqlı mövqeyindən geri addım atmayacaq".
Politoloq onu da vurğulayıb ki, Laçın yolundan istifadəyə dair icazə Bakının daxili məsələsidir.
"Bu istiqamətdə heç bir ölkə bizə təzyiq və ya təlqin edə bilməz. Bu ərazi bütövlüyünə hörmətsizlik və daxili işlərimizə müdaxilə deməkdir. Azərbaycanın Laçın yolunu bağlaması və Ermənistanın humanitar yüklərini Azərbaycana buraxmamasını blokadakı kimi təqdim edənlər var. Bakı blokada tətbiq etmək istəsə idi, alternativ kimi Ağdam-Xankəndi yolundan istifadəni təklif etməzdi. Bu baxımdan Arayikin bu sözləri onun və separatçıların çarəsizliyinin real göstəricisidir.Unudulmamalıdır ki, bu gün Azərbaycan Xankəndidə antiterror əməliyyatı keçirib separatçıları zor gücü ilə də zərərsizləşdirə bilərdi. Amma biz bunu istəmirik və prosesin sülh yolu ilə tənzimlənəcəyinə inanırıq. Lakin lazım olsa, bu variantdan da istifadə edə bilərik".
Ayan Rzayeva