Qardaş Türkiyədəki məlum və məşhur “16 temmuz darbəsi” ilə özünü tam ifşa edən və əslində bir terror təşkilatı olduğunu açıq şəkildə ortaya çıxan Fətullah Gülən şəbəkəsi heç vaxt təkcə dindarlardan ibarət olmayıb. Fətullah Gülən və çevrəsindəki “nurlanmışlar” içki içən, əyləncə məclislərinə qatılan, dünyəvi həyat tərzi keçirən çox sayda tanınan və tanınmayan şəxsləri də para və mənsəblə şirnikləndirərək, yaxud şantaja məruz qoyaraq öz əlaltılarına çevrilib. Nəticədə sol və liberal düşüncəli yazarlar, tədqiqatçılar, ictimai və siyasi xadimlər ilk baxışdan zidd platformada olsalar da, Fətullah Gülənin adından gələn tapşırıqların icraçılarına dönüblər. Bunun ən bariz sübutu bir zamanlar Türkiyədə formalaşdırılmış və “Aqil adamlar” kimi tanınan şəbəkədir. Türkiyə dövlətinin tamam fərqli məqsədlər üçün yaratdığı bu şəbəkəyə Fətullah Gülən solçu və liberal görünüşlü xeyli ziyalını dürtə bilmişdi.
Fətullah Gülənin sol düşərgədəki tərəfdarları barədə bir neçə il öncə, yanılmıramsa, 2020-ci ilin payızında Türkiyədə “FETÖ-nün solçuları” adlı bir kitab nəşr olunub. Kitabın müəllifi qocaman jurnalist Hikmet Çiçekdir. Kitabda Fətullah Gülənin “solçu” müridləri arasında göstərilən isimlərdən biri də tarixçi və sosioloq kimi tanınan Taner Akçamdır. Akçamın təkcə Fətullah Gülən şəbəkəsinin deyil, erməni genosidi uydurmalarına verdiyi dəstəklə həm də ermənilərin sevimlisidir. Türkiyədəki çevriliş cəhdindən sonra axtarışda olan bir çox FETÖ mənsubunun Ermənistana sığınmasını yada salanda bu o qədər də təəccüblü fakt deyil.
FETÖ-nün ünlü solçularından olan Taner Akçam dünən Ermənistanın “İctimai kanal”ına açıqlama verib və Azərbaycanı Qarabağdan erməniləri sürgün etmək niyyətinin olduğunu vurğulayıb. Tarix və sosiologiyada “niyyət oxumaq” sayaq bir metod olmadığından açıqlamanın arxasında FETÖ-nün qurumuş beyin mərkəzlərinin dayandığı şübhə doğurmur. Bəs, görəsən FETÖ-nü Azərbaycana qarşı qəfildən belə hiddətləndirən nədir? Bəli, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri, prezident İlham Əliyevlə cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan arasındakı səmimiyyət Fətulah Gülən və müridlərini, eləcə də bu şəbəkənin arxasındakı “kürəsəlçi güclər” kimi beynəlxalq çevrələri hər zaman narahat edib. Ancaq Fətullah Gülən şəbəkəsinin Azərbaycana qarşı erməni kartlarını açmasını, rəsmi Bakıya Ermənistan mediası üzərindən hücuma keçməsi, heç şübhəsiz, ölkəmizdə FETÖ-nün quyruğunun möhkəm basdalanmasının işarəsidir.
Heç kimə sirr deyil ki, lap bu yaxınlarda Türkiyə Daxili İşlər Nazirliyindən verilən informasiyalar əsasında Azərbaycanın hüquq-mühafizə orqanları ölkəmizdə fəaliyyət göstərən bir neçə FETÖ-çünü saxlayıb. Onların barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Məhz bu əməliyyat çərçivəsində 5 min nəfər üzv toplaya bilmədiyindən partiya olaraq özünü buraxmış ADR-in sədri Qubad İbadoğlu da diqqət mərkəzinə düşüb və tutulub. Bundan başqa, Qubad İbadoğlu işi üzrə Türkiyədə yaşayan daha bir tədqiqatçı- Fazil Qasımov da həbs olunub. Sonuncu ölkəmizdə populyar bir isim olmamaqla yanaşı, hakimiyyətin əleyhinə sərt çıxışlar da etməyib. Bu nüans Qubad İbadoğlunun həbsini siyasi motivlərlə izah etməyə əl yeri qoymur. Göründüyü qədər Azərbaycanım, Azərbaycanla Türkiyənin qardaşlığının, İkinci Qarabağ savaşında qazandığımiz parlaq zəfərin və Xankəndinin nəzarətə götürülməsi istiqamətində rəsmi Bakının atdığı qətiyyətli addımların əleyhinə xarici güclər yenidən FETÖ-nü qabağa verib, Fətullah Gülən də öz liberal və solçu hücrələrinə hərəkətə keçməyi tapşırıb. Əlbəttə, mənim az-çox hüquq bilgisi olan şəxs kimi nə Qubad İbadoğlu ilə bağlı aparılan istintaqın işinə qarışmaq fikrim var, nə də məhkəmə qərarı olmadan irəli sürülən və ya sürülə biləcək ittihamları təftiş etmək. Zira, FETÖ-nün solçusu Taner Akçamın Ermənistan mediasına verdiyi açıqlama ilə Qubad İbadoğlunun övladının vətən müharibəsinin əleyhinə çıxışlarında ortaq dəsti-xətti görməyəcək dərəcədə kal biri deyiləm.
Taleh ŞAHSUVARLI