Srağagün prezident İlham Əliyev Xalq artisti Rasim Balayevlə görüşüb və görkəmli sənətkara “İstiqlal” ordeni təqdim edib. Dövlət başçısının bu qərarı cəmiyyət tərəfindən rəğbətlə qarşılanıb, Rasim Balayevin səhnə fəaliyyətini təqdir edən hər kəsin ürəyincə olub. Bircə bəlli bir zümrədən savayı. Bu zümrə heç də yekcins deyil, hətta içində söz düşəndə siyasi hakimiyyəti dəstəklədiyinə and içənlər də var. Amma iş “layk toplamağa” gələndə Şuşada- Cıdır düzündə hakimiyyətin aşağı ranqlı məmurları eşitsin deyə dəfələrlə “oxxay” çəkənlərin “saray və sənət” mövzusunda ondan-bundan eşitdiyi taftoloji şablonları bayraq edirlər. Bu sosial şəbəkə flügerləri, psixopatları, intellekt yoxsullarını hər dəfə görəndə yadıma axşamüstü Kür qırağında balıq tutanlara şığıyan ağcaqanadlar düşür. Təxminən 40 dəqiqə, 1 saat ərzində elə vızıldayırlar ki, sancmalarına şükür edirsən. Vızıltıları sancmalarından daha dəhşətli olan bir dəstə də sosial şəbəkələrin Azərbaycan seqmentində mövcuddur. Necə deyərlər, beş barmağının beşini də bal elə, ağızlarına sox, yenə narazılıq edəcəklər. Çünki xislətləri uğuru, sayğını, nəzakəti, sevgini, o cümlədən vətənə məhəbbəti götürmür. Belə bivec təbəqə isə həmişə manipulyasiyalara açıq olur və onlardan Azərbaycanda ictimai rəyi çaşdırmaq istəyən xarici beyin mərkəzləri məharətlə faydalanırlar.
Rasim Balayev Prezidentə deyib:
“Mən Sizin apardığınız bütün siyasəti- daxili və xarici siyasəti dəstəkləyirəm. Möhtəşəm Qələbə də Sizin adınızla bağlıdır. Mən xalqın arasında oluram, bütün təbəqələrlə görüşürəm, Siz öz adınızı tarixə bir Ali Baş Komandan kimi, elə əsl Babək kimi yazdınız. Əsl Babək Sizsiniz, biz onun obrazını oynayırıq”.
Düz deməyib məgər?
Əlbəttə, hər cür müqayisə, xüsusən də tarixi şəxsiyyətlərin qiyaslanması uğursuzdur. Ancaq burada Xalq artisti tərəfindən verilən mesajın məğzi, zənnimcə, hər kəsə aydındır. Rasim Balayev İkinci Qarabağ savaşında tarixi qələbə qazanmağımızda Ali Baş Komandan İlham Əliyevin oynadığı böyük və misilsiz rola diqqət çəkir axı.
Bəli, Qarabağ savaşından qalib çıxmağımızda müstəqil Azərbaycanda yetişmiş gəncliyin müstəsna rolu var. Ancaq bu qələbə təkcə çağdaşlarımızın deyil, həm də əcdadlarımızın və gələcək nəsillərin zəfəridir. İndi çox dərinə getməyəcəm, ikinci Qarabağ savaşı əcdadlarımız, tariximiz adına həm də Babəkin qələbəsidir.
Dostlar, 3 min illik Azərbaycan tarixində 7 böyük DÖVLƏT BÖYÜYÜMÜZ var.
1) Alp Ər Tunqa - Eramızdan əvvəl I minilliyin başlarına skif-sakların lideri olaraq Türkü mövcud coğrafiyamıza gətirdi.
2) Babək Xürrəmi- Azərbaycanda ərəb istilasına və fars şüubiyyəsinə qarşı çıxaraq mədəni-siyasi areal formalaşdırdı.
3) Alp Arslan Səlcuqlu- Malazgirt meydan savaşında Bizansı yenərək yenidən türkləşmə prosesinə təkan verdi.
4) Şah İsmayıl Xətai- Azərbaycan xalqının etnogenizində yer alan ellərlə imperiya qurdu.
5) Nadir Şah Əfşar- Çökmüş Səfəvi imperiyasının küllərindən yeni bir Azərbaycan Türk imperiyası yaratdı.
6) Heydər Əliyev- Azərbaycanın dövlət müstəqilliyini qorudu və dövlət təşkilatlanması apararaq milli səfərbərlik gerçəkləşdirdi.
7) İlham Əliyev- Qarabağı işğaldan azad etdi və yeni hədəflər erasını açdı.
Bizim yolumuz İlham Əliyevlə Xankəndiyə, Qərbi Zəngəzura, Ermənistansız Qafqaza, Bütöv Azərbaycanadır!
Bu yol “Babəkin Azərbaycanı” deyilən coğrafiyanın, Nadir Şahın nəhəng imperiyanın qurucu xalqının tarixi torpaqlarında inzibati vahid kimi yaratdığı eyni adlı bəylərbəyiliyinin müasir düşüncə magistralı, tərəqqi relsidir.
Təvazökarlıqdan uzaq olsa da, deyim ki, ölkəmizdə Babək dövrünü ən yaxşı bilənlərdən, araşdıranlardan biri mənəm. Həmin çağın bütün cikinə-bikinə bələdəm. Babəki əsrlərin sevimlisi edən Azərbaycan uğrunda savaşı və şəxsi xarakteridir.Bu savaş əzmi və mətin xarakter İlham Əliyevin də əsas göstəriciləridir. Əsrlər ötsə də, coğrafiya öz instiktlərini qoruyur və onu yetişdirdiyi liderlərə ötürür. Elə Səhl Sumbatların da kodları günümüzdə yaşayır və Azərbaycana tələ qurmaq, zərbə vurmaq istəyənlər cəmiyyətin içində bu kodları axtarır. Çox təəssüflər olsun ki, tapırlar da! Bir dəyyus müsavatçı vardı, 44 günlük müharibədən sonra “İlham Əliyev Laçın şəhərini, Zabux kəndini ermənilərə satıb” deyə sutka boyu paylaşımlar edirdi. İndi- Laçın şəhərinin azad olunduğu və urbanizasiya baxımından dünyanın ən gözəl məkanlarından birinə çevrildiyi günlərdə həmin dəyyusun profilinə baxıram və görürəm ki, Rasim Balayevin müqayisəsinə rişxənd edir. Deməli, Babək amal olaraq yaşayır, Səhl Sumbatlar xislət olaraq!
İkinci Qarabağ savaşından sonra erməni təbliğatı bir müddət başını tamam itirmişdi. Deməyə, yazmağa söz tapmırdılar. Azərbaycan ordusunun gücü, İlham Əliyevin sərkərdə və diplomat kimi qətiyyəti, xalqımızın özünə qayıtmış inamı qarşısında aciz qalmaqlarına bəhanə belə tapa bilmirdilər. Az sonra haradansa düymə basıldı və Azərbaycanın tarixi zəfərini “Pirr qələbəsi” adlandırmağa başladılar. Düyməsi eyni yerdən basılanlar “Xankəndiyə niyə girmədik”, “Xocalı niyə alınmadı”, “Laçın şəhəri niyə qaytarılmadı” sayaq suallarla bu propaqandaya dəstək verdilər. Əli Kərimli, Tofiq Yaqublu, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı ilə yanaşı orkestrin əsas solistlərindən biri də əslən qarabağlı olan Qubad İbadoğlu idi. Görünür, tarixi düşmən üzərindəki qələbədən sonra Qarabağ camaatının İlham Əliyevin dayanıqlı elektoratına çevrilməsi eyni bazanı ələ keçirmək tapşırığı almış Qubad İbadoğlunu bərk həyacanlandırmışdı. Elə bu “həyacan”la da Füzulidə, Laçında inşa edilən və təkcə mülki yox, həm də və bəlkə də daha çox hərbi məqsədlər üçün nəzərdə tutulan hava limanlarına ehtiyac olmadığını təkrarlayırdı. İranın, Rusiyanın, Qərbdəki erməni diasporunun təsirində olan çevrələrin, Fətulah Gülən şəbəkəsinin dərin narahatçılığının indi məhbəsdə olan İbadoğlunun çıxışlarındakı təzahürləri bir-bir sitat formasında xatırlatmağa ehtiyac görmürəm. Ancaq Qarabağ əhalisinə müraciətlə etdiyi “kəndləriniz ləğv olunur, torpaqlarınız ələ keçirilir” kimi çıxışları yəqin ki xatırlatmağa heç ehtiyac da yoxdur. Bütün bunların hakimiyyətlə cəmiyyət arasında nifaq toxumu səpməyə, böyük qələbənin miqyasını kiçiltməyə, Qərbi Zəngəzurun azad edilməsinə təmərküzləşən milli iradəni və ruh yüksəkliyini pozmağa hesablandığını başa düşmək çətin deyildi. Bütün bunları “düz etmirsən”, “düz danışmırsan” deyə yazılarımızda 5 min tərəfdar tapmadığı üçün partiyasını buraxmış İbadoğlunun üzünə çırpanda blok olunmuşduq, bir qardaşı isə ünvanımıza hədyanlar yağdırırdı.
Əlbəttə, bütün bunları indi deməmək, yazmamaq da olardı. Çünki Qubad İbadoğlu həbsdədir və ona qarşı irəli sürülən ittihamlar da tamam fərqli məzmundadır. Bu ittihamların əsaslı, yaxud əsassız olması məhkəmədə müəyyən ediləcək, ona qarışmıram. Sözümün canı budur ki, Xankəndinin ayağımıza gəldiyi, Ermənistanın bir süni dövlət olaraq davamiyyətinin sual altına düşdüyü tarixi şəraitdə Azərbaycan ziyalısının borcu Qarabağın azad edilməsinə və dirçəldilməsinə qarşı Sorosun, Fətullah Gülənin ağzı ilə danışanları deyil, milli iradəmizin ifadəçisi İlham Əliyevi dəstəkləməkdir.
Rasim Balayev kimi!
Taleh Şahsuvarlı