Saat 23:00-da BMT Təhlükəsizlik Şurasında Ermənistanın istəyi ilə “Qarabağdakı vəziyyət” müzakirə ediləcək.
BMT TŞ-nin 15 üzvünün – 5 daimi, 10 qeyri-daimi - iştirakı ilə açıq rejimdə keçiriləcək iclası TŞ-yə hazırda rəhbərlik edən ABŞ aparacaq. Prosedura görə daimi və qeyri-daimi üzv ölkələrin hamısının nümayəndəsi çıxış edəcək, o cümlədən, Azərbaycan və Ermənistan nümayəndələri.
İclasda üç sənədin qəbulu mümkündür: qətnamə, bəyanat və ya mətbuata açıqlama;
Mətbuata açıqlama ən aşağı statuslu sənəd hesab edilir, o cümlədən, bəyanatın da praktiki icrası yoxdur. Bu baxımdan, İrəvan Bakıya qarşı qətnamənin qəbul edilməsinə çalışır, hərçənd, bu, siyasi və hüquqi baxımdan qeyri-mümkün görünür.
Siyasi: TŞ-nin qətnaməsi ya konsensus, ya da səs çoxluğu ilə qəbul edilir. Ən azı 9 səs lazımdır və 5 daimi üzvdən heç biri veto qoymamalıdır. 15 üzv ölkə arasında Azərbaycanın haqlı mövqeyini dəstəkləyən olacaq, eləcə də daimi üzvlərdən ən azı Rusiya bölgədəki maraqlarına görə veto hüqundan istifadə edə bilər;
Hüquqi: BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bu baxımdan, Qarabağdakı proseslərə Azərbaycanın prizmasından yanaşma olacağı gözləntisi var, misal üçün, ərzaq təminatının Ağdam-Xankəndi marşrutu üzrə daşınmasının TŞ-nin iclasında da ön plana çıxacağı mümkündür.
Asif NƏRİMANLI