BMT-də ermənilərin qabağına qoyulan tort

17 Avqust 2023 10:58 (UTC+04:00)

Dünən BMT Təhlükəsizlik Şurasının toplantısında Laçın yolu ilə bağlı məsələ müzakirə olundu.

Müzakirələrə keçməzdən öncə bir narazılığımı ifadə edim.

İclas BMT-nin rəsmi Youtube kanalından canlı yayımlanırdı.

Toplantı başlamazdan öncə, yüzlərlə erməni yayımın altındakı şərh bölümündə Azərbaycan əleyhinə rəylər yazırdılar.

Azərbaycanda və ölkəmizdən xaricdə onlarla youtub kanalı fəaliyyət göstərir, Tik-tok hesablarında canlı yayımlar açılır, şərhlər yazılır, "ürək"lər atılır.

Bu ölkədə ictimai rəy qarşısında milli maraqları müdafiə edən nə qədər insan varsa, hər biri təhqirə, linç kampaniyalarına məruz qalıb.

Kifayət qədər həssas bir məqamda, ölkə üçün həlledici bir məqamda BMT TŞ-nın toplantısı sanki bu kəsim üçün heç keçirilmirdi.

Yoxa çıxmış, qeybə çəkilmişdilər.

Əfəndilər, məgər Xankəndi uğrunda mübarizə aparmaq təkcə Prezidentin işidir?

Məgər Qarabağ təkcə iqtidar üçün vətəndir?

Söhbət Azərbaycanın suverenliyindən və ərazi bütövlüyündən gedirsə, 150 işarəlik bir cümlə ilə ermənilərin ağzının payını verə bilməzdinizmi?

Mozambikləşmişlər!

Toplantıda Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan səviyyəsində təmsil olunurdu.

Azərbaycanın sözünü BMT-dəki daimi nümayəndəmiz Yaşar Əliyev deyirdi.

Rəsmi Bakının müzakirələrə xarici işlər naziri səviyyəsində qoşulmaması və Ararat Mirzoyanın atıla0atıla Nyu-Yorka getməsi göstərir ki, Azərbaycan arxa planda yaxşı çalışmış və iclasın nəticələrini formalaşdırmışdı.

Nəticə o oldu ki, BMT TŞ Laçın dəhlizindəki vəziyyəti müzakirə etsə də, yekunda heç bir sənəd qəbul olunmadı. Halbuki, iclasdan öncə Xankəndidəki işğalçı Ermənistanın yaratdığı qondarma seperatçı rejimin başçısı Arayik Arutyunyan bəyan edirdi ki, bütün ümidlərini BMT TŞ toplantısına bağlayıblar.

BMT-dəki nümayəndəmiz Yaşar Əliyev möhtəşəm çıxış etdi.

Təmkinli, sistemli və sərrast nitqlə Ararat Mirzoyanı, nümayiş etdirdiyi fotoya uyğun desəm, "tort"a qonaq etdi.

Bu vəsilə ilə təcrübəli diplomatımıza öz təşəkkürlərimi ifadə edirəm.

Bundan sonra ermənilərin abrı, həyası olsa, bir də belə tort yeməzlər!

Hərçənd, BMT TŞ-nın 4 qətnaməsini yerinə yetirməmiş Ermənistanın belə bir cəhdinin özü həyasızlığın pik nöqtəsi idi.

Bəli, TŞ-nın toplantısından heç bir sənəd çıxara bilməyən Ermənistan daha bir dəfə fiaskoya uğradı.

Bəs, biz nə qazandıq?

1) Azərbaycan öz ədalətli mövqeyini BMT-dəki nümayəndəmiz vasitəsilə mükəmməl şəkildə beynəlxalq tribunadan ifadə elədi.

2) Ağdam-Xankəndi yolunun açılması üçün beynəlxalq ictimai rəyi ustalıqla formalaşdırdı.

3) Laçın dəhlizində quraşdırılan SNBM-ə qarşı aylardır ermənilərin apardığı propoqanda darmadağın oldu.

4) Beynəlxalq Qızıl Xaçın regionda siyasi aktyor olduğu bir daha təsdiqləndi və Azərbaycan bu qurum qarşısında qəti şərtlər qoymalıdır.

5) Qarabağdakı işğalçı erməni ordusunun qalıqlarını və onlara güvənən seperatçı rejimi ləğv etmək üçün BMT TŞ-dakı dostlarını və düşmənlərini açıq sınaqdan keçirdi.

Bundan sonra ermənilər nə Laçına hücum çəkə bilərlər, nə də "partizan savaşı" taktikası ilə təxribatlar törədə.

Təxribatlar törədəcəklər, amma atəşkəsi pozmaqla, kəşfiyyat diversiya qrupları göndərməklə, minalar basdırmaqla və s.

Bunlar da bir daha regonda anti-terror əməliyyatları aparmağımıza, Xankəndidəki cinayətkar çətəni likvidasiya etməyimizə əlavə zəmin yaradacaq.

Bütün hallarda, Ağdam-Xankəndi yolunun açılması artıq reallıqdır.

Görünür, Fransa və İranın verdiyi cəsarətlə Yevlax görüşünü pozmuş erməniləri Kürdəmirə dəvət etmək lazımdır.

Qoy, Bakıya yaxınlaşsınlar.

Taleh ŞAHSUVARLI