Fransa bütün dünyanın canını boğazına yığıb - Politoloq

18 Avqust 2023 23:52 (UTC+04:00)

"Fransa həyata keçirdiyi yanlış xarici siyasətlə və eyni zamanda 21-ci əsrdə müstəmləkəçilik kimi iyrənc bir siyasəti davam etdirməklə bütün dünyanın sözün həqiqi mənasında canını boğazına yığıb. Bu gün Fransanın özünün coğrafi hüdudlarına heç bir bağlılığı olmayan, ona heç bir yaxınlığı olmayan ölkələrdə həyata keçirdiyi istismarçı siyasət dünya xalqlarının çox ciddi narahatlığına və narazılığına səbəb olur".

Bu sözləri AzNews.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Politoloq bildirib ki, bütün bu faktorların nəticəsində də Fransaya qarşı etirazlar kütləvi şəkildə artır.

"Bu gün Fransa yeni Kaledoniyada, Korsikada və Afrikada ciddi dirənişlə üz-üzə qalıb. Özəlliklə Afrika qitəsində Fransa əvvəl sahib olduğu, uzun illərdir talan etdiyi sərvətləri itirməklə məşğuldur. Belə olan təqdirdə əlbəttə ki, Fransa alternativ nöqtələr axtarır. Bu alternativ nöqtələr içərisində Mərkəzi Asiyada olan yataqların xüsusi əhəmiyyəti var. Amma hesab edirəm ki, burada Rusiya faktoru da çox önəmlidir. Çünki Mərkəzi Asiyadakı ölkələrin bir çoxu həm də Türk Dövlətləri Təşkilatının üzvüdür. Rusiya ilə yaxşı iqtisadi əlaqələrə malikdir. Ona görə də Rusiya Fransanın, onun marağında olan bazarlarda bu qədər yaxından təmsil olunmaq istəklərini normal qarşılamayacaq. Bu prosesi əngəlləmək üçün əlindən gələn hər şeyi edəcək".

Politoloq onu da vurğulayıb ki, Fransanın Cənubi Qafqazdakı ən böyük maraqları Ermənistan vasitəsilə həyata keçirilir.

"Fransa Cənubi Qafqazı Azərbaycan və Türkiyəyə qarşı bir mübarizə meydanına çevirmək istəyir. Ona görə də daim Ermənistanı qızışdırmaqla bölgədə gərginlik yaratmağa çalışır. Amma hər halda hesab edirəm ki, bu gün Fransanın həyata keçirdiyi siyasət bütün dünyada bu ölkənin olmayan və neqativə doğru yönəlmiş siyasi obrazının daha da pisləşməsinə səbəb olur".

Ayan Rzayeva