"Burada ilk günahkar ovçulardır"- Kamal Dənizlə müsahibə

21 Avqust 2023 20:59 (UTC+04:00)

"Çöl adamı" kimi tanınan, Azərbaycanın fəxri ovçusu, teleaparıcı, PADİ sistemi üzrə beynəlxalq sualtı üzgüçülük konfederasiyasının üzvü, Dive Master Kamal Dənizlə müsahibəni təqdim edirik:

- Kamal bəy, sizə görə, ovçuluq nədir?

- Ovçuluq böyük bir elmdir, fəlsəfədir. Onunla hər insan məşğul ola bilməz. Çünki ovçu ovçuluğa başlayan zaman təbiəti bilməli, heyvanları tanımalıdır. Bu sahəyə marağı olan şəxs yaşadığı ölkənin qanunvericiliyi ilə müəyyənləşdirilmiş qayda və qanunları bilməlidir. Hər əlinə silah alıb təbiət qoynuna gedənə ovçu demək olmaz.

- Sizcə, ovçu təbiətin dostudur, yoxsa qənimi?

- Təbiətin bir nömrəli dostu əsl ovçulardır. Nəyə görə belə düşünürəm? Çünki hal-hazırda Azərbaycanda bildiyim qədərilə 35 mindən çox sənədlə silah almış ovçu var. Yəni bu ovçular sənəddə ovçudur. Ancaq həqiqi ovçu bəlkə də barmaqla sayılacaq qədərdir. Əsl ovçu kimdir? Əsl ovçu təbiəti sevən, heyvanların, quşların artırılmasında yaxından iştirak edən, ov mövsümü başlayanda qaydayla ov edən, bitəndə isə silahını təmizləyib, yeni ov sezonun başlamasını gözləyəndir. Mən həmişə demişəm, yenə də deyirəm ki, təbiətin ən yaxın dostu əsl ovçulardır. Əsl ovçular nəyə görə təbiətin ən yaxın dostudur? Çünki onlar hətta atəş açdıqları zaman atılmış patronun gilizini belə təbiətdə buraxmırlar. Onu yığıb, gətirib şəhərdə zibil qutularına atırlar.

- Azərbaycan ovçularının ənənələrində təbiətə qayğı və canlılara mərhəmət hansı yer tutur?

- Burada çox maraqlı bir məqama toxundunuz. Bu mərhəmətin ən bariz nümunəsi Səməd Vurğundur. Bilirsiniz ki, dahilər həqiqi ovla məşğul olmağı xoşlayıblar. Həqiqi ov deyəndə söhbət heyvanın harada, necə, hansı üsulla ovlanmasından gedir. Baxın, Azərbaycanda balıq, su-bataqlıq quşlarının, quruda yaşayan heyvanların ovu var. Burada bütün mərhəmət ovçunun biliyindən asılıdır. Çünki təbiətimizdə elə heyvanlar, quşlar var ki, onların nəsli kəsilmək üzrədir. Onlara bəzgək, bir də dovdaq quşlarını misal çəkə bilərəm. Çünki bu quşlar vaxtilə Azərbaycanda həddindən artıq çox olublar. Onların Azərbaycanın Aran bölgəsində və Kür-Araz ovalığında çoxlu sayda sürüləri müşahidə olunurdu. İndi bəzgək az da olsa, qış aylarında gəlir, amma dovdağı görmək mümkün deyil.

Ovçuda mərhəmətin şəxsin daxilindən gələn keyfiyyət olduğunu düşürəm. Yəni silah alıb, canlı öldürməyə gedən insanla ova gedən insan arasında çox fərq var. Ova gedən insan ona lazım olan qədər heyvanı, quşu ovlayıb, geri dönür. Yəni bir insana 2-3 quşu ovlamaq bəs edir. Ancaq nə qədər şahidi olmuşuq, hətta efirlərdə də görmüşük ki, iki nəfər 100-150 quş ovlayıb. Bunu soyqırım kimi də nəzərə almaq olar.

Hətta dinimizdə də deyilir ki, göydə uçan quşa da düşünüb atəş açmalısan. Sən o quşu vurub suya salacaq sonra da oradan götürə bilməyəcəksənsə, atəş açmağın doğru deyil. Yəni sən bir ovçu olaraq fikirləşməlisən ki, məndən 20 metr uzaqdakı quşu vursam, ayağımdakı çəkmələrlə gedib onu sudan çıxara biləcəyəmmi? Əgər bir quşu yaralayıb, təbiətdə buraxırsınızsa, burada mərhəmətdən söhbət gedə bilməz. Belə olan halda siz bir növ təbiət düşməni olursunuz.

- Necə düşünürsünüz, ovçular ovlaqlardan razıdırlar?

- Nazirlər Kabinetinin qərarı ilə qanunda dəyişiklik oldu. Azərbaycan ərazisində ovçuluq təsərrüfatlarının yaradılmasına start verildi. Bu təsərrüfatlar yaradıldıqdan sonra onlara nəzarət Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verildi.

Azərbaycanda şəxsi ovçuluq təsərrüfatlarının ən inkişaf etmişi Şəki rayonundadır. Orada gözəl ovçuluq təsərrüfatı yaradıblar.

Ovçuların ov sahələrindən narazıçılığının səbəbi bir növ onların özləridir. Çünki biz yaxşı bilirik ki, gecə vaxtı ova çıxmaq olmaz. Amma ovçuların çoxu həmin təsərrüfatlarda olan əməkdaşlarla, inspektorlarla əlbir olur və gecə ova çıxırlar. Çünki quş harda dənlənsə də, gecələr ovçuluq təsərrüfatlarına qayıdırlar. 3-5 ovçunun ucbatından digər ovçular da əziyyət çəkir. Quşlar həmin ərazilərdə gecələmək, dincəlmək istədiyi vaxtda ovçular fanarla ova çıxırlar. Buna da qanunvericilikdə qadağa qoyulub.

Ovçu belə qanun pozuntularına rast gələndə ictimailəşdirsə, bu cür halların sayı azalar. İnsanlar adı Qırmızı kitabda olan turac, kəklik quşlarını ovlayırlar. Bu, qanundan kənar ovçuluqdur. Qanun necə tələb edirsə, ovu da o cür etmək lazımdır.

- Fikrinizcə, bu sahədə hansı yeniliklərə, o cümlədən hüquqi baxımdan yeniliklərə ehtiyac var?

- Biznesi bir tərəfə qoyuruq. Həqiqi ovçuların bir neçəsinin xahişini nəzərə alaraq ovçuluq təsərrüfatları yaratmaq olar. Bu təsərrüfatlarda azalmaqda olan quş növlərinin təbiətə buraxılması və hüquqi baxımdan bunların gələcəkdə ovlanması qaydalarının müəyyənləşdirilməsi ən başlıca yenilik olmalıdır. İngiltərədə, Xorvatiyada, Bolqarıstanda və s. ölkələrdə ovçuluq təsərrüfatları yaradılır. Hətta ovçuluq təsərrüfatı olmayan yerlərdə belə hər ovçu il boyunca 5-10 qırqovul, kəklik və s. yetişdirib təbiətə buraxır. Dövlət də ona icazə verir ki, hər ov sezonunda buraxdığı 10 dənə quşdan 2-3-nü heç bir ödəniş olmadan ovlasın. Ancaq Azərbaycanda bu yoxdur. Mən bilmirəm ki, bu sahədə nəyə görə gecikirik. Çünki Azərbaycanın elə gözəl təbiəti var ki, ovçuluğun hansı sahəsini istəsən inkişaf etdirmək mümkündür.

Sovet dönəmində belə bir qayda var idi ki, ov sezonu başlayanda həftənin 1,2,3,4-cü günləri Azərbaycan ərazisində ov qadağan olunurdu. Ancaq cümə günündən başlayaraq şənbə və bazar ov edirdilər. Bazar günü axşam isə ov dayanırdı və dörd gün heyvanların, quşların bir növ dincəlməsinə icazə verilirdi.

- Hər ov mövsümündə qanunsuz ov edənlərlə bağlı xeyli sayda faktlar üzə çıxır. Bunun səbəbi nədir?

- Burada ilk növbədə günahkar ovçulardır. Onların günahı ondadır ki, qanunla ayrılmış yerlərdə ov etmirlər. Biz yaxşı bilirik ki, yaşayış məntəqəsindən bir kilometr yaxın məsafədə ov etmək qəti qadağandır. Bu qaydaya əməl etməyən insanları daha çox cərimələmək lazımdır ki, bunu birdəfəlik qavrasınlar. Yadınıza salın, 5 il əvvəl Azərbaycanda demək olar heç bir insan maşınlarda təhlükəsizlik kəmərlərindən istifadə etmirdi. Ancaq indi radarlar da bunu qeydə alır, insanlar özü də başa düşür ki, təhlükəsizlik kəməri yaraşıq üçün yox, insanların sağlamlığı üçündür.
Sonradan cərimələr evlərə gəldikdə artıq insanlarda təhlükəsizlik kəmərindən istifadə vərdişi yarandı. Ovçuluqla bağlı da bu üsuldan istifadə etmək olar. Yəni cəriməni 20-50 manat yox, daha yüksək eləmək lazımdır ki, qanunsuz ovun qarşısı alınsın. Bunun qarşısı alınsa, mən sizə söz verirəm ki, ovçuluq təsərrüfatları inkişaf edər, insanlar gəlib həmin təsərrüfatlarda daha rahat ov edərlər.

Burada ikinci nüans nədir? Baxın, Azərbaycanda silah almaq necə asandır. İki dənə şəkil və şəxsiyyət vəsiqəsinin surəti ilə sənə silah verirlər. Yenə də deyirəm, qanunsuz ov edənlərin, ovda olan xoşagəlməz hadisələrin günahkarı da, səbəbkarı da silah satan mağazalardır. Çünki onlar silah alan insanlar arasında təbliğat aparmırlar, ancaq atmağın qaydasını öyrədirlər. Amma harada, necə ov etmək lazımdır onu öyrətmirlər. Silahı alıb gedirlər qağayı, sağsağan nə gəldi atəş açırlar. Ov silahı satanların üzərində nəzarəti gücləndirmək lazımdır.

Vətəndaş silah almamışdan öncə gedir, ərazi müfəttişinə müraciət edir. Ərazi müfəttişi gəlir, evə baxış keçirir. Həmin şəxsin evində divara bərkidilmiş bir seyf olmalıdır. O seyfin açarı da ancaq ovçunun özündə olmalıdır. Heç bir ailə üzvü üçün o açar əlçatan olmamalıdır. Yalnız bundan sonra müfəttiş ərizəni verir. Həmin vətəndaş ərizə ilə yaxınlaşır ov dükanlarına. Bu arayış əsasında insanın türmədə olub-olmaması, psixi sağlamlığı nəzərdən keçirilir. Sonra bu insana silah satılır. Silahla davranış qaydaları ona başa salınır və ondan sonra ovçu ova gedir. Bizdə heç bir mağaza bunu etmir.

Mən sizə 100% əminliklə deyirəm. Sabah iki dənə şəkil, bir şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaq silah satışı ilə məşğul olan bir mağazaya, orada sizə heç bir əlavə sorğu-sual etmədən silah satacaqlar.

- Niyə vətəndaşlarımız silahlarını rəsmiləşdirmir, yaxud ov bileti almırlar?

- Silahlar küçələrdə satılmır ki, o rəsmiləşdirilməsin. Silah dükanlardan, hansısa xüsusi mağazalardan alınmalı və orada rəsmiləşdirilməlidir. Harada ki, silahlar rəsmiləşdirilmir, orada qanun çərçivəsində fəaliyyət göstərilmir. Babalarından qalan və ya haradansa əldə etdikləri silahla ova gedirlər. Həmin silahlar müsadirə olunmalıdır.

- Ötən il ov biletləri qəhətə çıxdı. Bu, ETSN-nin qanunsuz ova qarşı səmərəli mübarizənin nəticəsi idimi?

- Ötən il ovçuluq biletlərinin qəhətə çıxması doğru deyil. Heç yerdə ovçuluq bileti qəhətə çıxmayıb. Azərbaycanda ovçuluq və balıqçılıq biletinin verilməsi ilə bağlı iki qurumun icazəsi lazım olur. Bunlardan ən başlıcası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digəri isə Hərbi Ovçuluq İttifaqıdır. Sadəcə olaraq o qurumlardan bu biletləri almaq bir az fərqlidir. Çünki Ekologiya və Təbii Sərvətlər Nazirliyində ovçuluq bileti əldə etmək istəyən şəxs orada imtahan verməlidir. Həmin şəxs imtahandan keçərsə, rahatlıqla gedib ASAN xidmətdə ovçuluq bileti ala bilər. Ovçuluq bileti verməmək Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanunsuz sayılır. Mən bunu 100% əminliklə deyirəm ki, ETSN belə bir şey etmir. İnsanlar imtahan verə bilmirlər sonra gedib özbaşına ov edirlər. Tutulanda isə deyirlər ki, ovçuluq bileti vermirlər. Əgər həqiqi ovçu olmaq istəyirsinizsə, gedin imtahan verin, ovçuluq bilet alın.

Əvvəl də qeyd etdim ki, ovçu hər şeyi bilməlidir. Hətta quşların erkəyini dişisindən ayırmalıdır. Çünki yaz aylarında əsasən ovlanan erkək quşlar olur, dişi quşları ovlamırlar.

- Azərbaycanda vətəndaşlar ən çox ərəb ovçularından narazılıq edir. Bu narazılığı necə aradan qaldırmaq olar?

- Doğru buyurdunuz. Bu dəqiqə sosial şəbəkələr hər şeyə açıqdır. Məsələn, deyək ki, 5 nəfər ərəb ov edir. İnsanlar onların icazəsi olub-olmadığını araşdırmadan sosial şəbəkədə paylaşırlar ki, ərəblər gəlib buranı dağıdır. Öncə onların icazəsinin olub-olmaması yoxlanılmalıdır.

Təbii ki, gizli yolla ərəbləri qəbul edən, icazəsiz ovlanmalarına şərait yaradanlar var. Bununla da mübarizə aparılır. Ancaq bu o demək deyil ki, bütün Azərbaycanda ərəblər gəlib istədiklərini edirlər. Xeyr. Hətta xarici vətəndaşlara şamil olunan cərimələr daha yüksəkdir. Düzdür, ərəb deyəndə hamı elə fikirləşir, onların hamısı milyonerdir. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi və Qətərdən başqa da ərəb ölkələri var ki, onlar milyonçu deyillər. Sadəcə bir ərəb görən kimi deyirlər, ərəb buranı dağıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə ova gedənlərin hamısının ova icazəsi var.

Bir daha vurğulayıram ki, buna ciddi nəzarət olunur. Məsələn, Azərbaycan vətəndaşına cərimə 10 manatdırsa, onlara 1000 manatdır.

Vətəndaşlar dəqiqləşdirmədən belə şeylər paylaşırlar. İnsanlar arasında bir az təşviş yaradırlar.

- Uzun illərdir ki, telekanallarda ovçuluqla bağlı veriliş hazırlayırsınız. Məsuliyyətli ovçuluğun təşviqi üçün hansı təklifləriniz var?

- Səkkiz ildir ki, "Çöl adamı" layihəsində ovçuluq, balıqçılıqla bağlı çəkilişlər edirdim. Doğrusunu deyim, çox yox, az edirdim. Ancaq televiziyanın rəhbərliyi ilə söhbətimiz oldu. Məsləhət gördü ki, Azərbaycanda həm ovçuluğa, həm də balıqçılığa dair verilişlərimizin sayını artıraq. Balıqçılıq sahəsində də boşluqlar var. Bu, təbliğatın zəif olmasından irəli gəlir. İnsanlar hətta harda balıq ovlamaq olar onu belə bilmirlər. Cənab Prezident tərəfindən göstəriş var ki, dənizə keçən yollar vətəndaşlarımız üçün saxlanılmalıdır. Azərbaycanda Bakı ətrafında, Abşeron arxitaqında dənizin 40-50%-i imkanlılar tərəfindən zəbt olunub.

Bu yaxınlarda Zirədə belə bir hadisə oldu. Mən efir vasitəsilə izlədim, Azərbaycan Televiziyası (AzTV - red.) işıqlandırdı və insanların oraya girişi bərpa edildi. Məlum məsələdir ki, orada 1-2 nəfər oliqarx, harınlamış məmurlar var. Onların əli ilə bura qazılmışdı, ancaq yenidən giriş təmin edildi.

Bir şeyi də qeyd etmək istəyirəm ki, sentyabrın 3-dən başlayaraq Azərbaycan Televiziyasında insanların rahatlıqla ovun qaydaları, harada, necə ov etmək olar, silahla davranış qaydaları barədə məlumatlara sahib olması üçün verilişlər hazırlanacaq. Bu da Azərbaycan Televiziyasının vətəndaşlarımıza daha bir töhfəsidir. İnsanlarımız ov etməyi, balıq ovlamağı daha yaxşı öyrənib, qayda-qanuna riayət edərlər. Azərbaycan qanunvericiliyindəki qaydalarla ov etməyi öyrənərlər.

Düzdür, bəzi yerlərdə ovçuluq təsərrüfatlarında lisenziyaların olmamasından şikayət edirlər. Mən bu yaxınlarda ETSN-nin tədbirində iştirak edirdim. Orda da bu haqda bu sual verildi. Dedilər ki, bu il ov mövsümü açılan dövrdə ona da nəzər yetiriləcək ki, insanlarımız rahatlıqla lisenziya alıb ova gedə bilsinlər.

Azərbaycanda ov mövsümünün başlaması əsasən sentyabr ayının 10-15-nə təsadüf edir. Əgər Azərbaycan ərazisində ovçuluq təsərrüfatlarına yaxın ərazilərdə və ya meşələrimizdə yanğın təhlükəsi olmazsa, eynilə yenə də sentyabr ayında su-bataqlıq quşlarına, cüllüt, dovşan, qaban ovuna sentyabrdan başlayaraq mərhələli şəkildə icazə veriləcək.

Pərvanə AĞAZADƏ

Bu müsahibə Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirlən "Məsuliyyətli ovçuluğun təşviqi" layihəsi çərçivəsində hazırlanıb. Müsahibədəki fikir və mülahizələr Agentliyin rəsmi mövqeyi ilə üst-üstə düşməyə bilər.