Ermənistan icazə almalıdır- Politoloq

24 Avqust 2023 17:47 (UTC+04:00)

Britaniyalı politoloq və jurnalist Neil Vatson Qafan hava limanının açılmasının Azərbaycanla sülh danışıqları prosesini çətinləşdirən növbəti erməni təxribatı olduğunu vurğulayıb.

O qeyd edib ki, sərhəddən belə yaxın məsafədə havaya qalxan Ermənistan təyyarələrinin Azərbaycanın hava məkanını pozması qaçılmazdır.

Mövzu ilə bağlı politoloq Əziz Əlibəyli AzNews.az-a açıqlamasında bildirib ki, Qafan hava limanı elə istiqamətdə inşa olunub ki, onun bir hissəsi Azərbaycan ərazisinə düşüb.

"Bu, SSRİ dönəmində də həmişə belə olub. Artıq elə olması mümkün deyil. Çünki ərazi bütövlüyü məsələsi, ölkələrin suveren haqları var. Ermənistan burada Azərbaycandan icazə almalıdır. Bir də ki, dünyada belə bir təcrübə yoxdur ki, hansısa bir ölkə başqa bir dövlətin sərhədinə daxil olmuş ərazi vahidində hava limanı inşa eləsin. Bu, həm iqtisadi, həm təhlükəsizlik baxımından uyğun deyil. Ermənistan özü özünə bu məsələdə ciddi problem yaradıb.

Ə. Əlibəyli onu da vurğulayıb ki, Qafan hava limanı Azərbaycan üçün təhlükəsizlik qayğısı yaradır.

"Çünki bu Azərbaycan ərazisinə düşürsə, Ermənistan öz mülki uçuş kampaniyalarını həyata keçirərkən Beynəlxalq Mülki Aviasiya Təşkilatına da hesabat verməlidir. Yəni burada təxribata yol verməklə Azərbaycanı beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Aviasiya Təşkilatının hədəfinə gətirməsi üçün əlindən gələni edəcək. Azərbaycan Ermənistanın bu məsələlərdə nə qədər hiyləgər və riyakar olduğunun çoxdan fərqindədir. Yəni onlar yeri gəlsə, Qafan hava limanında hər hansı bir təyyarəni belə partlada bilərlər".

Ayan Rzayeva