Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən 15-ci BRİCS Sammitində BRİCS ölkələri icmaya yeni üzvlərin cəlb edilməsi ilə bağlı razılığa gəliblər.
Bu çərçivədə Cənubi Afrika prezidenti Siril Ramafosa Səudiyyə Ərəbistanı, Argentina, Birləşmiş Ərəb Əmirlikləri, İran, Misir və Efiopiyanın BRİCS-ə üzv olmağa dəvət edildiyini açıqlayıb.
Mövzu ilə bağlı AzNews.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Azərbaycanın bu təşkilata üzvü olma ehtimalı çox azdır.
"Bildiyim qədərilə Azərbaycan bu təşkilata üzv olmaq üçün müraciət etməyib. Həm də bu kifayət qədər real deyil. BRICS-in son dönəmdə apardığı siyasət odur ki, böyük iqtisadiyyata malik olan, xüsusilə neft ölkələrini öz daxil edir. Burada əsas məqsəd dünyada inkişaf etmiş böyük yeddiliyə bir alt alternativin formalaşdırılması, eyni zamanda dolların dünya hegemonluğuna qarşı mübarizəsidir. Ona görə də Azərbaycanın hazırda ümumiyyətlə, yaxın beş ildə qəbul imkanları azdır".
Azərbaycanın bu təşkilata qəbulunun hələlik heç bir faydası da olmayacağını vurğulayan ekspert onu da bildirib ki, bu qurum nə azad, nə də gömrüksüz ticarət birliyidir.
"Azərbaycan BRİCS-ə üzv olan ölkələrdən Rusiya ilə MDB məkanında bir çox belə sazişlərin üzvüdür və ciddi surətdə ticarət aparır. BRİCS hələ bir çox problemləri həll eləməlidir. Gələcək inkişafı ilə bağlı hələ qeyri-müəyyənliklər çoxdur. Azərbaycanın yaxın gələcəkdə daxil olma perspektivini də görmürəm. Azərbaycana da xüsusi bir xeyri olacağını güman eləmirəm. Amma nəzərdə tutduğu addımları atsa, təbii ki, dünya iqtisadiyyatında ciddi dəyişikliklər baş verəcək və bu da Azərbaycana təsir edəcək".
Ayan Rzayeva